Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Nifaq” partiyasının sədri, Millət vəkili Xanhüseyn Kazımlının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir “İşgüzar əməkdaşlığa hə, münaqişəyə, terrora və müharibəyə yox” şüarı altında baş tutub. Toplantının bəyanatında deyilir ki, “Biz müharibə istəmirik. Lakin buna hazırıq. Lazım gələrsə, Ali Baş Komandan İlham Əliyevlə birgə torpaqlarımızı azad edəcəyik”.

“Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimli, Azərbaycan Kigboks Federasiyasının Prezdenti deputat Adil Əliyev, deputat Musa Quliyev, Müdafiə Nazirliyinin Orkestr Tağımının rəhbəri Abdulla Qurbani və Xocalı faciəsi şahidlərinin iştirakı ilə keçirilən konfransda  Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xanhüseyn Kazımlı ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdan, neçə-neçə müsibət və bəlalardan danışıb. Müdafiə Nazirliyinin orkestr tağımının rəhbəri Abdulla Qurbani erməni havadarlarının düşmənlərimizə dəstəyindən bəhs edərək bildirib ki, hal-hazırda da ermənilərə dayaq duranlar qarşımızda maneədir.

 “Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimli isə çıxışına bunları əlavə edib:

“Mənim 3 oğlum var. Əgər onlardan biri Qarabağda döyüş olsa və iştirak etməsə, nə anaları südünü, nə də mən haqqımı halal etmərik”.

Xocalı soyqırımının şahidi, həmin dövrdə Milli Ordunun rabitəçi vəzifəsində çalışan Dürdanə Alayeva faciələrlə dolu tariximizdən danışaraq, yaşadıqlarını dilə gətirib.

“Gecə saat 11-i keçmişdi. İlk top atıldı və ondan sonra güllə səsləri eşidildi. Zirzəmilərdə gizlənməyə çalışdıq. Ancaq sonra məlumat gəldi ki, Xocalı hava limanı tutulub. Hava limanının tutulması elə şəhərin tutulması demək idi. Rabitəçinin üstünə düşməyən vəzifə olsa da, mən Rəhim Qazıyevlə əlaqəyə çıxıb kömək göndərməsini istədim. Xocalı elə köməksizlikdən getdi”.