Sankt-Peterburqda “Qazprom”un strukturlarından birinin top meneceri irimiqyaslı dələduzluqda şübhəli bilinərək saxlanılıb.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan şəxs “Qazprom UGS” MMC-nin baş direktorunun müavini Aleksey Bajanovdur.
Onun barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib.
Bajanovun mənzilində də axtarışlar aparılıb.
O, “Qazprom Investgazification” şirkətinin baş direktoru olarkən dələduzluq etməkdə şübhəli bilinir.
Bildirilir ki, “Qazprom İnvestqazifikasiya” Orenburq vilayətində üzgüçülük hovuzu olan bədən tərbiyəsi və idman kompleksinin sifarişçisi, baş podratçısı Leninqrad vilayətinin “Texqazmontaj” şirkəti olub və 2018-ci ildə müqavilə bağlanıb. Podratçı avans kimi 67 milyon rubl alıb, lakin istintaq bu məbləğin yalnız yarısının işə sərf edildiyini, qalan hissəsinin mənimsənildiyini hesab edir.
2023-cü ilin payızında başlanan cinayət işində fövqəladə hallar nazirinin müşaviri, əvvəllər Sankt-Peterburqda “Qazprom Transgaz” şirkətinin müşaviri vəzifəsini tutan Stanislav Orlov da həbs edilib.