Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr 300 milyon dollar təşkil edəcək.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. “Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr 300 milyon dollar təşkil edəcək. Zavod Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikiləcək. Zavodun tikintisini “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti həyata keçirəcək”, - Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, “CNEEC” şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusuna əldə edəcək. Hazırda layihədə pay iştirakı aşağıdakı kimi nəzərdə tutulur: CNEEC - 90%, Azərbaycan İnvestisiya Şirkəti - 10%. Ş.Mustafayev danışıqlar zamanı AİŞ-in sazişdə payının artacağını istisna etməyib.

“Zavodun istehsal gücü illik 3,3 milyon avtomobil şin təşkil edəcək. Bunlardan 3 milyonu minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. Göründüyü kimi, müəssisənin illik gücü yalnız yerli bazar üçün nəzərdə tutulmur. Şinlər qonşu ölkələrə ixrac olunacaq, bu da təbii olaraq Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək. Müəssisədə 800 yeni iş yeri yaradılacaq”, - Ş.Mustafayev vurğulayıb.