Bu gün 2-ci fəxri xiyabanda şəhid Dinar Mustafayevin doğum günü tədbiri qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, veteranlar, onunla birgə dünyasını dəyişən 7 şəhidin anaları və xidmət etdiyi hərbi hissənin komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov da iştirak edib. Tədbirdə “Milli Mədəniyyətimizin Təbliği” ictimai birliyinin sədri Jalə Cəfərova, komandir, ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhidin anası Firəngiz Mustafayeva Dinar Mustafayevin qəhrəmanlığından danışıblar.

Qeyd edək ki, xüsusi təyinatlı hərbi hissənin əsgərləri olan şəhid Dinar Mustafayev və digər 6 döyüşçü 1997-ci ildə Hadrut istiqamətində tapşırılmış əməliyyatda şiddətli döyüşdən sonra mühasirəyə düşüblər. Əsir düşməmək üçün özlərini partladaraq dünyalarını dəyişiblər. Həmin əməliyyatdan sağ çıxan yeganə döyüşçü Aqil Əhmədov öz təəssüratlarını da bölüşüb.

“Müdafiə Nazirliyinin Kəşfiyat İdarəsindən verilən tapşırığa əsasən, 8 nəfərlik bir kəşfiyyat qrupu düşmən arxasından əməliyyata başladıq. Şiddətli döyüşdən qayıdarkən, aprelin 10-u mühasirəyə düşdük. Mən yaralanmışdım və digərlərindən kənara düşmüşdüm. Dinar Mustafayev və digər 6 nəfər özlərini partladaraq şəhid oldular. Mən əsir götürüldüm və 1 ildən artıq əsirlikdə qaldım. 1998-cildə Heydər Əliyevin köməyilə əsirlikdən azad olundum”.