“BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb. Ekspertlər hesab edirlər ki, bu təşəbbüs gələcəkdə paytaxtdan, xüsusən də 20 Yanvar istiqamətindən bölgələr üzrə qeyri-qanuni sərnişin daşınmalarını icra edənlərin fəaliyyətində müəyyən məhdudiyyətlərə gətirib çıxara bilər.

Nəqliyyat üzrə ekspert Rövşən Həsənov İqtisadiyyat.az-a deyib ki, dövlət nəzarətində olan marşrutlar fərdi, qeyri-qanuni fəaliyyət göstərənlərlə müqayisədə daha təhlükəsiz və səmərəlidir.

Onun sözlərinə görə, dövlətin nəzarətində olan marşrutlara nəzarət edən dispetçer sisteminin olması ilə yanaşı sürücülər gündəlik tibbi müayinələrdən, nəqliyyat vasitələri isə texniki baxışdan keçirilir:

“Lakin qeyri-qanuni fəaliyyət göstərən əksər nəqliyyat vasitələrində isə bu tələblərə, demək olar ki, riayət edilmir. Bəzən isə həmin nəqliyyat vasitələrinin sürücüləri təhlükəli manevrlər edərək sərnişinlərin də həyatını təhlükəyə atmış olurlar. Ona görə də hesab edirəm ki, Bakıdan Gəncəyə və əks istiqamətə yeni daşıyıcı şirkətin xəttinin istifadəyə verilməsi dövlət qurumunun nəzarətində olduğu üçün sevindiricidir. Qeyri-qanuni fəaliyyət göstərən nəqliyyat vasitələrinə də, düşünürəm ki, nəzarət artırılmalıdır”.

Ekspert xatırladıb ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi, sürücülərin tibbi arayışından tutmuş digər tələb olunan qaydalara riayət etməsinə qədər bütün məsuliyyət daşıyıcı şirkətlərin üzərindədir: “Amma fərdi fəaliyyətlə məşğul olanlar, vergi ödəmir və nəqliyyat vasitəsinin texniki baxımdan nə dərəcədə yaxşı olması bəlli deyil. İnsanların pul qazanmaq istədiyini anlayıram, amma bu, sərnişinlərin həyatı bahasına başa gəlməməlidir”.

R.Həsənovun sözlərinə görə, paytaxtdakı daşıyıcı şirkətlərin bölgələrə fəaliyyətini genişləndirməsi, qanunsuz sərnişindaşıma ilə məşğul olanlara qarşı məhdudiyyətlərə gətirib çıxara bilər.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıdan Gəncə şəhərinə və əks istiqamət üzrə biletin qiymətinin 10,4 manat təşkil etdiyi bildirilib. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

 

Sadiq Cavadov