Ölkəmizdə dövlət məktəbləri pulsuz olsa da, ödənişli təhsil verən məktəb və liseylər də mövcuddur. Bu məktəblər verdiyi təhsilin keyfiyyəti ilə yanaşı, yüksək qiymətləri ilə də seçilir.

İqtisadiyyat.az ölkədəki məktəb və liseylərin təhsil haqqı qiymətlərini təqdim edir:

Müasir Təhsil Kompleksi (Modern Educational Complex) – Burada 2-5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq 12 min AZN-dir və sentyabr-iyun aylarını əhatə edir.

1-4-cü siniflər üçün illik təhsil haqqı 16.500 AZN, 5-9-cu siniflər üçün Azərbaycan bölməsi 13 min AZN, Rus bölməsi isə 17 min AZN-dir.

"Baku Oxford School" – Bu təhsil ocağında məktəbəqədər hazırlıq 2,5-4 yaşlı uşaqlar üçün 8 min AZN, 5 yaşlı uşaqlar üçün isə 8.500 AZN-ə başa gəlir.

Həmçinin 1-5-ci siniflər üçün təhsil ödənişi 16.500 AZN, 6-7-8-ci siniflər üçün 16.800 AZN, 9-10-11-12-ci siniflər üçün isə 17 min AZN təşkil edir.

Bu müəssisədə təhsil haqqını rüblərə bölərək 4 dəfəyə ödəmək mümkündür. Ödənişə uniforma, nahar, kitablar və dərsdən əlavə məşğələlər daxildir.

"Azerbaijan British College" – Bu təhsil müəssisəsində ibtidai məktəb 1-6-cı sinifləri əhatə edir və illik ödəniş 16.950 AZN-dir.

7-12-ci siniflər üçün illik 17.950 AZN ödənilməlidir. Ödənişə nahar daxildir.

"Sabis Sun İnternational School" – Bu müəssisəyə uşaq 3 yaşından qeydiyyatdan keçdiyi təqdirdə ödəniş 12 min AZN təşkil edir, yuxarı siniflərdə isə məbləğ 14 min AZN-ə qədər artır.

"Kaspi" liseyi – Burada məktəbəqədər təhsil üçün illik ödəniş 6400 AZN-dir. İbtidai siniflərdə Azərbaycan bölməsinin illik təhsil haqqı 7300 AZN, İngilis bölməsində isə 7950 AZN-dir. Yuxarı siniflərdə qiymət tədricən artır. Ödənişə uniforma, kitablar, qidalanma və dərnəklər daxildir.

Xəzər Universitetinin “Dünya məktəbi” – Burada ibtidai siniflərdə təhsil haqqı 9000 AZN, yuxarı siniflərdə isə 9.500 AZN-dir. Ödənişə qidalanma daxildir.

Azərbaycan beynəlxalq məktəbi (“TISA International School of Azerbaijan”) – Bu təhsil müəssisəsi ölkədə ən yüksək qiymətlərə malikdir. Belə ki, burada təhsil almaq üçün 31 min dollar (52.700 AZN) ödənilməlidir. Ödənişə sadəcə dərsliklər daxildir. Digər xidmətlər üçün əlavə ödəniş tələb olunur.

"Oxbridge School" – Məktəbdə 1-6-cı siniflər üçün illik ödəniş 7.500 dollar (12.750 AZN), 7-8-9-cu siniflər üçün 8.500 dollar (14.450 AZN) təşkil edir. Yuxarı siniflər isə 10-12 min dollardır (17-20 min AZN). 

“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi – 3 dildə təhsil verən bu müəssisədə Azərbaycan bölməsi üçün illik təhsil haqqı 8800 AZN, Rus bölməsi üçün 10.800 AZN, İngilis bölməsi üçün isə 12.800 AZN təşkil edir. Ödənişlərə gündə 3 dəfə yemək, məktəbli forması, dərnək və ekskursiyalar, üzgüçülük daxildir.