Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin şagirdinin xəsarət alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat katibi Bəşarət Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, İdarənin əməkdaşları hazırda həmin məktəbdədir.

Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır:

"Məktəbdən verilən ilkin məlumata görə IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir".