2021-ci ilin yanvar-may aylarında Bakı şəhərində  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  15,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,8  faizi emal, 2,7  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun  payı 83,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  90,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 faiz təşkil  edib.     

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib. 

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2021-ci il tarixinə  317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Yanvar-may aylarında, həmçinin paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 6,2 faizini cari təmir,  20,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

5 ay ərzində Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi  2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,8 faiz artaraq 8 milyard 608,1 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 4 milyard 130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2 faiz azalaraq 4 milyard 477,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 39,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz azalaraq 180,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azalaraq 120,6 milyon manat olub.

2021-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz azalaraq 1 milyard 810,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 151,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 63,6 faizini təşkil edib.

Bundan başqa, 2021-ci ilin yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 5,9 faiz azalaraq 944,6  manat olub.