2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 45,4 min yeni iş yerləri açılıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yaradılmış iş yerlərinin 95,1 faizi özəl sektorun payına düşür. İş yerlərinin 79,4 faizi Bakı şəhərində, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 18,9 faizi digər regionlarda açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,4 faizi tikinti, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi təhsil, 7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.