“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi “Solar-Wind’s Technology” ilə birgə unikal “Sərin Yay” (Cool Summer) layihəsi hazırlayıb.

Layihə təbii soyutma və günəş enerjisinin tətbiqini nəzərdə tutur. Bununla yanaşı, konstruksiya sadə və avtomatikdir. 

Layihə barədə “Solar-Wind’s Technology” şirkətin baş mühəndisi Sanar Cəfərov qeyd edilən qurğunun imkanlarından danışarkən, əməkdaşlıq çərçivəsində, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin Elmi-tədqiqat qrupu ilə birgə “Sərin Yay” (Cool Summer) layihəsinə başladıqlarını deyib:

“Əsas məqsəd, isti yay günlərində elektrik enerjisindən istifadə səmərəliliyinin artırılması, güc mərkəzlərinin ifrat yüklənməsinin aradan qaldırılması və alternativ enerji mənbələrinin təbliğ edilməsi idi. Texniki tapşırığın tələbləri maksimum sadə, əlçatanlıq və minimum vəsait xərcinin olması prioritetləri üzərində qurulub.

Mərkəzin direktor müavini E. İsmayılov və mütəxəssisi T. İsayeva torpağın izolyasiya xüsusiyyətlərindən istifadə təşəbbüsü müsbət qarşılandı və layihənin əsas hissəsini təşkil etdi. Mən və həmkarlarımın üzərimə düşən vəzifə günəş enerjisinin rasional istifadəsi və faydalı iş əmsalının maksimum artırılmasının təmin edilməsi oldu. Düşünürəm ki, bu işin öhdəsindən gələ bildik”. 

O bildirib ki, hazırda əlçatan materiallardan hazırlanan bu qurğu ətraf mühit temperaturunu ən azı 1,7 dəfə aşağı salmağa və saatda orta hesabla 50 kubmetr sərin hava istehsal gücünə malikdir:

“Əsas odur ki, mahiyyətcə oxşar əcnəbi istehsalı olan qurğulardan dəflərlə ucuz başa gəlir və hər kəs üçün əlçatandır. Konstruksiya iki növdə tətbiq edilə bilər: qapalı və açıq dövrə sxemi üzrə. Birinci halda, soyutma sistemi tələb olunan temperatur əldə olunan kimi işini dayandırırsa, ikinci halda fasiləsiz işləyir. Bu da, qurğunun istifadə imkanlarını və tətbiq sahələrini genişləndirir”.

S Cəfərov bərpaolunan enerji mənbələrindən istifadəyə marağın getdikcə artdığını əlavə edib:

“Bir neçə il əvvəl bu növ enerji mənbələrinin istifadəsinə maraq az idi. Lakin ölkə başçısının bu sahənin genişləndirilməsi barədə müvafiq sərəncamlarından sonra vəziyyət dəyişib, təbii enerji mənbələrindən istifadə etmək arzusunda olanların sayı, mən deyərdim ki, ətraf mühitin qorunması istiqamətində əhalinin sosial məsuliyyət hissi də artıb. Belə olan halda, biz mühəndislərin də üzərinə müəyyən mənada cavabdehlik düşür ki, ekoloji daha təmiz və səmərəli qurğuların tətbiqinə üstünlük verək. Əlbəttə, tədqiqat aparmadan, əmin olmadan yeni texnoloji nailiyyətlərin tətbiqi, arzuolunan nəticələri əldə etməyi bir qədər çətinləşdirir”.

Şirkətin rəhbəri İsmayıl Efendiyev isə artıq 9 ilə yaxındır Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin qurulması, istismarı və idarəetməsi ilə məşğul olurlar:

“Bu müddət ərzində, ölkənin müxtəlif regionlarında ümumi gücü 200 kVt-dan çox olan 45-ə yaxın günəş və külək stansiyaları qurulub, istismara verilib. İstehsal fəaliyyəti ilə yanaşı, mühəndis-texniki personalımız həm də bu sahədə innovativ layihələrin, yeni tətbiq sahələrinin, ölkənin yaşıl enerji potensialından daha səmərəli istifadə üsullarını  araşdırılmaqla da məşğuldur. Təbii ki, elektroenergetika sahəsində geniş təcrübəsi və elmi-texniki bazası olan istehsalat müəssisələri ilə sıx əməkdaşlıq edirik”.

Ölkədə innovativ həlləri dəstəkləyən müəssisələrdən birinin “Azərişıq” ASC olduğunu deyən İ.Efendiyev bu müəssisə ilə əməkdaşlıqlarının artıq 3 ildən çoxdur davam etdiyini vurğulayıb:

“Yeri gəlmişkən “Azərişıq” ölkədə ilk və hələ ki, yeganə elektroenergetika müəssisəsidir ki, öz yarımstansiyalarının xüsusi sərfiyyatını alternativ enerji mənbələri ilə kompensasiya etməyə başlayıb. Bu, həm texniki, həm də iqtisadi səmərəlilik baxımından unikal yanaşmadır.

İstənilən yenilik, yeni yanaşma üsulları, metodları ilə bərabər yaranır. Bu layihə də istisna deyil: mütəxəssislərin birgə fəaliyyəti nəticəsində torpağın izolyasiya xüsusiyyətləri və müxtəlif dərinlikdə temperatur göstəricilərini qeyd edən rəqəmsal “Qrunt zondu” cihazı ərsəyə gəldi. Mərkəzin fəxri müəllimi prof. Q. Həsənovun rəhbərliyi ilə cihazın işlək modeli hazırlandı və tədqiqat işlərində əvəzsiz bir vasitə oldu”.

“Solar-Wind’s Technology”-nin Rusiya Federasiyasında fəaliyyət göstərən mühəndis-eksperti Erkin Quliyev isə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə yaradılacaq “Ağıllı Kənd” və “Ağıllı Şəhər” layihələrində bu növ innovativ qurğuların tətbiq edilməsi təşəbbüsünün irəli sürməsi nəzərdə tutulur:

“Azərişıq” ASC artıq “Ağıllı Şəbəkələr” layihəsini ölkənin müxtəlif regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edir və bunun üçün onun ciddi və məhsuldar kadr potensialı mövcuddur. Belə, innovativ layihələri dəstəkləyən bir müəssisə ilə birgə fəaliyyətimizin doğma Qarabağda da davam etdirilməsini səmimi qəlbdən arzulayırıq”.