Azərbaycanda müasir seleksiya üsulu ilə şirin bibərin ilk və hazırda yeganə istixana sortu yetişdirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, institutda müasir innovativ toxumçuluq istixanaları yaradılıb və burada yeni sort və hibridlərin yaradılması istiqamətində iş aparılır. “İnstitutumuzun istixanalarında müasir seleksiya üsulu ilə şirin bibərin istixana sortu yetişdirilib. “Töhfə” adlandırılan bu sort rayonlaşdırılıb. Bu, şirin bibərin Azərbaycanda ilk və hazırda yeganə istixana sortudur. Yəni istixana şəraitində becərmək üçündür. Həm xəstəliklərə dözümlü, həm də məhsuldardır. Hazırda bu bibərin müasir üsullarla toxumlarının artırılması üzərində çalışırıq. Bununla yanaşı, istixana şəraitində yeni bibər sortlarının yaradılması məqsədilə bir çox sort nümunələri üzərində iş aparılır”, - deyə Elmar Allahverdiyev qeyd edib.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksi bu il yanvarın 24-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks yaradılıb. Bir müddət öncə bu istixanalarda müasir seleksiya üsulu ilə ölkəmizdə ilk dəfə olaraq virussuz sağlam kartof toxumları, eləcə də keyfiyyəti, məhsuldarlığı və xəstəliyə davamlılığı yüksək olan ilk milli pomidor sortları əldə edilib.