“Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə İlkin də mətbəələrə qoyulan ƏDV-nin çoxluğundan şikayətlənib.

“Mətbəə və çap mediasına ƏDV-nin çox olması düzgün deyil,cəmiyyətin kitaba az olan marağı,bu sahəyə ƏDV tətbiq etməklə daha da azalır. Bu da onsuz da kasıb olan təbəqəni daha da müflisləşdirir. ƏDV -in tətbiqi bu sahənin maliyyə dayaqlarını sarsıdır. Qəzetin və digər mətbuat məhsullarının satışı çox zəif olduğundan ƏDV-in tətbiqi onsuz da ağır olan durumu daha da ağırlaşdırır”.

“Mətbuata olan bu dəstək Azərbaycanda da vüsət almışdı. Ancaq bunu istəməyən qüvvələr imkan vermədilər”

Bunu “Hürriyyət” qəzetinin baş redaktoru, “Futbol+Servis” mətbəəsinin rəhbəri Vüqar Məmmədov İqtisadiyyat.az-a münasibət bildirərkən deyib. Onun fikrincə, çap mediasına bu qədər qadağanın olduğu vaxtda ƏDV-nin tətbiq olunması KİVDF-nin ayırdığı maliyyənin effektini öldürmək məqsədi daşıyır.

“Mən başqa cür bunu anlamıram. ƏDV elə bir ciddi rəqəm də deyil ki, büdcəyə xeyiri dəysin”.

İqtisadçı ekspert Qadir İbrahimli isə açıqlamasında ƏDV-nin qəzetlərin yayılmasına, satışına elə də təsir etmədiyini söyləyib.

“Mətbuatın bugünkü probleminin kökündə qəzet kağızlarının baha olması, satışın və oxucusunun olmaması dayanır. ƏDV-nin digər ölkələrlə müqayisəsinə baxsaq 3-5% fərq var, bu da heç nəyi dəyişmir. Yəni, Azərbaycan mətbuatının bugünkü problemlərinin kökündə ƏDV dayanmır. Düzdür bəzi ölkələrdə məsələn, Türkiyədə çap mediası və kitab üzərindən ƏDV götürüldü. Ancaq bu da bir biznes növüdür. Qəzet və ya mətbəə rəhbəri, satışdan yaxud reklamdan gəlir əldə edir. Vergi qanunlarına əsasən onlardan vergi tutulmalıdır”.

Mehman Nəbiyev