Azərbaycanın xaricdən idxal etdiyi kərə yağının miqdarı kəskin şəkildə aşağı düşüb. Bunun səbəbi isə əhalinin kərə yağı istehlakını azaltmasıdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-may aylarında ölkəyə 5,434 ton kərə yağı gətirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 713 ton və ya 11,5 faiz azdır. Həmçinin hesabat dövründə yağın idxal xərcləri də 27,159 milyon dollara qədər azalıb ki, bu da ötən ildəkindən 9,177 milyon dollar və ya 25,3 faiz azdır.

Azərbaycanda yerli yağ istehsalı isə, demək olar ki, dəyişməyib və bu ilin ilk beş ayı ərzində 9,838 min ton olub ki, bu da 2018-ci ildəkindən 0,9 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib. Beləliklə, həm yerli yağ istehsalı, həm də idxalı məhsulla birlikdə Azərbaycanın istehlak bazarı 15,272 min ton təşkil edib. Bu da ötən ilin göstəricisindən 629 ton və ya 4 faiz azdır.

Bəs kərə yağının idxalının və istehlakının azalması nə ilə əlaqədardır? İqtisadçı ekspert Rəşad Həsənovun virtualaz.org-a bildirdiyinə görə, xaricdən idxal olunan kərə yağının miqdarının azalmasına bir neçə amil təsir göstərir: yerli istehsalın artması və idxalçıların davranışları, dünya bazarlarında qiymətlərlə bağlı vəziyyət.

R.Həsənovun sözlərinə görə, birinci amil yerli istehsalın həcmidir - əgər bu həcmdə artımlar baş verərsə, tələbatın bir qismi yerli istehsal hesabına ödənirsə, bu, idxal istiqamətində neqativ təsirlər göstərir. İkinci səbəb idxalla məşğul olan şirkətlərin stoklarında müəyyən mal qalığının olmasını və idxalçıların idxal etdikləri məhsulların həcmi ilə bağlı cədvəllərdə dövri olaraq dəyişiklik etməsindən qaynaqlanır.

Ekspertin fikrincə, əvvəlki illərlə müqayisə etsək, 2019-cu ildə əhalinin alıcılığına müsbət təsir göstərən müəyyən dəyişikliklər də olub. Bura pensiyaların, əmək haqlarının həcminin artırılması, problemli kreditlərin həlli ilə bağlı dövriyyəyə əlavə vəsaitin daxil olmasını misal göstərmək olar.

R.Həsənovun sözlərinə görə, yay mövsümünün başlanması ilə əlaqədar da idxalda azalma ola bilər: “Azərbaycanda qənnadı məmulatlarının istehsalında müəyyən inkişaf meylləri var. Bu amil kərə yağına tələbatı artıran amillərdəndir. Mövsümlə əlaqədar bu növ məhsullara tələbatın az olması da istehsalın həcmini aşağı salır. Bu isə paralel olaraq həm idxal, həm də istehlak olunan kərə yağının həcmində öz təsirini göstərir. Son aylar kərə yağında qiymət azalması da müşahidə olunur. Bu özü də tələbatın azalmasından qaynaqlanır”.