İşğaldan azad olunmuş ərazilərdə hazırlanmış elektron xəritələr və qaz təchizatı şəbəkəsi barədə texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

Bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

"Hazırki mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu tərəfindən yerində araşdırmalar davam etdirilir", - hesabatda deyilir.

Bildirilir ki, hazırda Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində yerləşən keçmiş hərbi hissənin mövcud qaz xətlərinin inventarlaşması yekunlaşıb, qeyd olunan yaşayış məntəqələrində vizual aşkar olunmuş qaz təchizatı şəbəkəsinin elektron xəritələri və şəbəkə barədə texniki məlumatlar hazırlanıb.