Bu il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.

Bu barədə İqtisadiyyat.az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, satışın 1,4 milyard manatlıq, ixracın isə 0,5 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.

Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.

İndiyə qədər sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 500-dən çox daimi iş yeri yaradıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.