ABŞ maliyyə nazirliyinin xarici aktivlər idarəsi İranın ən böyük və ən gəlirli neftkimya qrupu olan Bəsrə Körfəzi Neftkimya Sənaye Şirkətinə qarşı hərəkətə keçib. Şirkətin, terror qruplaşması elan edilən İslam İnqilab Keşikçilərinin mühəndisləri qrupu Xətəm əl-Ənbiyaya maliyyə dəstəyi etdiyi üçün ABŞ tərəfindən sanksiyaya məruz qaldığı bildirilir. ABŞ maliyyə nazirliyinin sözügedən idarəsi, İran şirkətinin eyni qrupa bağlı olan 39 fərqli neftkimya şirkəti ilə xarici satış əlaqələrinə də sanksiya tətbiq edəcəyini açıqlayıb.

İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, şirkət İranın neftkimya sənayesi istehsalının 40%-i əlində cəmləşdirir. Həmçinin iran neftkimya ixracatının 50%-dən çoxuna sahibdir. Maliyyə katibi Steven T.Mnuçin, “Bu sanksiya vasitəsilə, İranın İnqilab Keşikçilərinə dəstəyinin qarşısını almaq istəyirik. Tətbiq etdiyimiz sanksiya, həmçinin terror qruplaşamsıa maliyyə dəstəyi verən digər şirkətlərə də bir siqnaldır” sözlərini işlədib.

Terror və Maliyyə Kəşfiyyat İdarəsi katibinin müavini Sigal Mandelker isə “İnqilab Keşikçiləri, terror fəaliyyətinə davam edərkən, İran iqtisadiyyatının ən əsas sektorlarına sızır” sözlərini ifadə edib.

İnqilab Keşikçiləri, Bəsij Kooperativ Fondu və Xətəm əl-Ənbiya kimi əsas şəbəkələr İran ticari və maliyyə sektorlarında əsas mövqedə olub, milyonlarla dollarlıq şirkətlərə nəzarət edirlər. Müdafiə, tikinti, havaçılıq, neft sahələrində geniş iqtisadi maraqları var. Bankçılıq, metal və mədən sənayesi, milyarderlərin fəaliyyəti də yenə bu şəbəkələrin nəzarətindədir.