İqtisadiyyat.az Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 20-də Yasamal rayonunda yerləşən 1 bloklu, 5 mərtəbəli, 30 mənzilli yeni yaşayış kompleksində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Sosial aksiya çərçivəsində binanın bütün yeni mənzil sahiblərinə çıxarışlar təqdim olundu. Səyyar kampaniya vətəndaşlara çıxarışların təqdim olunması ilə məhdudlaşmadı. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və bu istiqamətdə hüquqi yardımın göstərilməsi üzrə xidmətlərdən 50-yə yaxın vətəndaş istifadə etdi. Qeydiyyat prosedurları, tələb olunan sənədlər və vətəndaşları maraqlandıran digər suallar cavablandırıldı. Bildirildi ki, mənzillərinə çıxarış əldə etmək istəyən vətəndaşlardan yalnız dövlət rüsumu və xidmət haqqının ödənilməsi tələb olunur. Onlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə əvvəlcədən onlayn şəkildə ödəyəcəyi məbləğlə tanış ola bilər. Çoxmərtəbəli binalarda “Kütləvi çıxarış” kampaniyaların keçirilməsi ilə mənzillərin qeydiyyata alınması prosesi sürətlənir. Çıxarışlı mənzil sahibi olan hər bir vətəndaş ondan rahatlıqla iqtisadi və hüquqi əməliyyatlarda istifadə edir. Bəzən vətəndaşlar mənzil aldıqdan sonra çıxarışın olub olmaması ilə bağlı problemlərlə qarşılaşır. Bunun qarşısının alınması və vətəndaşların dövlət reyestrində qeydiyyata alınmış mənzilə sahib olması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti mövcuddur. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı bu xidmət vətəndaşa mənzilə dair çıxarışın olub olmaması ilə bağlı dəqiq məlumat verir.