Daha bir neçə vətəndaş onlayn “part time” işlərdən külli miqdarda vəsait itirib.

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Prədəşünas deyib. O bildirib ki, bir neçə şəxs sözügedən dəhşətli dələduzluq ssenarisində yüksək məbləğdə pul itirib:

“İlk 5 tapşırığı icra etdikdən sonra vətəndaş 40 manat qoyub, 80 manat götürüb. Növbəti addımlarda pul qoyduqca, nağdlaşdıra bilib. Sonda 16 min AZN qazanmaq üçün hesaba 5 min manat mədaxil edib. Dələduzlar vəsaitin yetərli olmadığını amma investorların ona 3 min AZN borc verə biləcəyini deyib. Beləcə, vətəndaş özü 5 min AZN, dələduzlardan 3 min AZN borc alaraq yatırım edib. 

8 min manat hesaba mədaxil edən vətəndaşın balansında bir neçə günə 16 min manat yaranıb. Vətəndaş bu pulu çıxarmaq istəyəndə dələduz 5 min manat üzərində olan ödənişlərdən 25% dövlət vergisi olduğunu qeyd edib və pulu çıxarmaq üçün vətəndaşdan 4 min manat daha alıb. Bu ödənişi də aldıqdan sonra vətəndaş pulu çıxara bilməyib. Dələduzlar vətəndaşa bunun əsas səbəbinin investorların verdiyi borcu istəməsilə əlaqələndirib və vətəndaşdan onlayn verdikləri yalançı 3 min AZN borcu real olaraq alıblar. 

Toplamda bu dələduzluqda bir neçə nəfər ayrılıqda 10 min manat üzərində vəsait itirib”, - deyə F. Pərdəşünas qeyd edib.