Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Sabunçu rayonu Ramana qəsəbəsində uzunluğu 1.2 kilometr, eni 6 metr olan Cabir Novruz küçəsində təmir işləri icra olunur.

Agentliyin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.