Sabah Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılacaq. Elektron satış sabah saat 11:00-da başlayacaq və fevralın 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi bu dəfə də“ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. 10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərlə alsaq göərik ki, onların 2%-dən azı evə sahib olacaqlar. Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Bütövlükdə, Yasamal Yaşayış Kompleksində bütövlükdə 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artığını ödəyəcək. Sabahkı satışda mənzil sahibi olacaq ailələr ilə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək aydındır ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələləri şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil. Bununla belə, satış zamanı narazılıqların olmaması və eləcə də prosesin daha da təkmilləşdirilməsi üşün aşağıdakıların tətbiqini məqsədəuyğun hesab edirik:

1.Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipli seçimi birmənali qarşılanmır. Düzdür bu kənar müdaxilələri minimumlaşdırır. Sosial mənzillərə sahib olmaq kompüter vasitəsilə həyata keçirildiyindən kompüterdə işləməkdə çevik və bacarıqlı olanlar daha çox uğur qazanır. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həssas qruplar) evlə təmin edilməlidir. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr, himayəsində azyaşlı uşaqları olan yoldaşını itirmiş qadınlar, çoxuşaqlı mənzili olmayan ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq.

2.ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin qiyməti həmin ərazidəki qiymətlərlə müqayisədə aşağı olsa da, qiymətlərin daha ucuzlaşması məqsədə uyğun olardı. Biz mənzillərin xərcinin üçdə birinin dövlət tərəfindən qarşılanmasını təklif edirik. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər.

3. MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olunması ilə bağlı listin mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi məqsədə uyğun olardı. Hazırki iqtisadi islahatların hədəfinin şəffaflığın gücləndirilməsi oduğundan bu sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışına inamı gücləndirər. Mənzil sahib olanlar ilə bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılar ilə elektron anlaşma bağlaya bilər.

4. Ötən həftə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilən dəyişikliklər mütərəqqidir və satış mexanizmini daha da təkmilləşdirəcək. Yeniliklərdən biri olan “Güzəştli mənzil” sistemində bir mənzili 1-ci şəxsdən əlavə daha 2 şəxs gözləmə qaydasında seçə bilər. 1-ci şəxs hansısa səbəbdən mənzili əldə edə bilməsə mənzil 2-ci şəxsə təklif ediləcək. 2-ci şəxs də hər hansı bir səbəbdən mənzili əldə edə bilməsə 3-cü şəxsə mənzil təklif olunacaq. Digər dəyişiklik isə əlavə endirimlərdən yararlanmaq istəyən və birdəfəlik mənzilə sahib olmaq istəyənlər üçündür. Qeyd edək ki, “güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.

Beləliklə, sabah yeni sosial mənzilləri satışa çıxarılacaq. Ümid edək ki, mənzilə ciddi ehtiyacı olanlar evə sahib ola biləcəklər.

Vüqar Bayramov, İqtisadçı alim

İqtisadiyyat.az