Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Binə qəsəbəsi, Əli İsazadə küçəsində tikilən mağazının sürücülərin və piyadaların hərəkətinə maneə yaratması barədə şikayətlərinə aydınlıq gətirib.

Komitədən Pravda.az-a verilən açıqlamada deyilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsi, Əli İsazadə küçəsində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı qanunsuz qeyri-yaşayış obyektinin tikintisi faktı aşkarlanıb.

"Baş İdarə Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə 9 sentyabr 2024-cü il tarixində özbaşına tikintinin sökülməsini təmin edib,  nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa edilib" - açıqlamada bildirilib.

Qeyd: Sürücülərin şikayətini Pravda.az dərc etmişdi.