“Azərbaycanda 30-dan çox şəhər və rayon müasir standartlara cavab verən məktəb və məktəbəqədər təhsil müəssisələri ilə təmin olunub”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Gələcək İndi” Təhsil Menecmenti Zirvəsinin açılış mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, bu gün Azərbaycan təhsil sistemi öz tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. Son illər təhsilin bütün sahələrində köklü islahatlar aparılır. Məqsəd müasir dövrdə yeni çağırışlara uyğun olaraq təhsil sisteminin daha da təkmilləşdirilməsidir.

“Ölkə əhalisinin ən həssas təbəqələrindən biri olan keçmiş məcburi köçkün və qaçqın soydaşlarımız təhsil sahəsində də xüsusi imtiyazlarla təmin olunub. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkün soydaşlarımız təhsil haqqından azad olunub, onların təhsil haqqı Azərbaycan dövləti tərəfindən qarşılanıb” – qurum rəsmisi qeyd edib.

Onun sözlərinə görə, 2022-2023-cü il tədris dövründə 3 minə yaxın  bakalavriat səviyyəsində, 1000 nəfərə yaxın magistratura səviyyəsində təhsil alan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən ödənilib. Bu isə ümumilikdə 13 milyon manata yaxın vəsait təşkil edir. 

Gülşən Şərif