İqtisadiyyat.az-ın trend-ə istinadən verdiyi məlumata görə, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.

Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Qəzet kağızı və hazır çap məhsulları həmin siyahıya daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Qeyd edək ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları əvvəllər ƏDV-yə cəlb edilmirdi. Artıq bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb.