Nağdsız hesablaşmalar vergitutma və sahibkar nöqteyi nəzərdən günümüzün ən aktual məsələlərindəndir. Bəllidir ki, nağdsız hesablaşmalar, aparılan əməliyyatlara nəzarət etmək və vergidən yayınmaların qarşısının alınması baxımdan dövləti daha çox maraqlandırır. Sahibkarlar isə nağd hesablaşmaların qarşısının alınması üçün keçirilən tədbirlərə etiraz edirlər. Onlar nağdsız hesablaşmalara təşviq edən islahatlar hazırlanmasının və bank-maliyyə sisteminin etibarını bərpa etməyin vacibliyini düşünürlər.

Məsələ ilə əlaqədar İqtisadiyyat.Az-a danışan vergi məsələləri üzrə iqtisadçı ekspert Rəşad Əliyev bu hesablaşma növünün kölgə iqtisadiyaytını da aradan qaldıracağını bildirib:

“Sahibkarların maraqlı tərəf olduğunu demək düzgün deyil. Nağdsız hesablaşmaların həcminin artırılması vergi daxilolmalarını da artımına xidmət edəcək. Həmçinin bu hesablaşma növünün inkişafı kölgə iqtisadiyyatının da aradan qaldırılmasına kömək edəcək. Qarşıya qoyulan hədəf, həm vergidən yayınmaların azalması, həm də kölgə iqtisadiyyatının bir hissəsinin “kölgə”dən çıxarılmasıdır.

Nağd hesablaşma termini ilə razı deyiləm. Onun da qanuni növü var. Biri qəbzlərlə həyata keçirilir və bu zaman vergidən yayınma halları az olur. Çünki burada faktiki rəsmiləşdirmə həyata keçirilir. Məsələn, gedib mağazadan pul alanda çek verilir. Bu da qanuni əməliyyatdır. Söhbət sənədləşdirmə aparılmayan vergidən yayınan əməliyyatlardan gedir ki, onlar heç bir qeydiyyata düşmür. Onun da subyektiv və obyektiv halları olur. Məsələn, indiki şəraitdə kimsə bazarda alış-veriş edib terminala ödəniş edən deyil. Bir sözlə, vergidən yayınmaların qarşısını almaq və dövr edən pullara nəzarət etmək baxımdan nağdsız hesablaşmalar dövlətə sərf edir”.

Ekspert nağdsız hesablaşmaların artırılması üçün görülən sərt tədbirlərin əleyhinə olduğunu bildirib:“Ancaq sərt addımların atılmasının tam əleyhinəyəm. Çünki devalvasiyalar nəticəsində bankların bir çoxu sıradan çıxdı ki, bu da vətəndaşlarda inamsızlıqla nəticələndi. İndi isə banklara inam getdikcə artır. Bu da nağdsız hesablaşmaların artmasına xidmət edəcək. Ancaq post-terminallar vasitəsilə nağdsız hesablaşmalar da baha başa gəlir. Çünki əgər 100 manatlıq ərzaq alsanız onun ödənişini kassaya nağd şəkildə verib bitirirsiniz. Ancaq post-terminal vasitəsilə bunu edəndə 100 manat üçün əlavə 2 manat(2%) da ödəməlisiniz. Düzdür burada vergi güzəştləri də nəzərdə tutulub. Sözsüz ki, bu vergi güzəştləri xərcləri hardasa neytrallaşdırır”.

 

Mehman Nəbiyev