“Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməkdə davam edir və bu sahədə ən böyük donordur”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində fəal əməkdaşlıq edir və yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bağlanması üzərində işi davam etdirir.

“Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialı var və Aİ ölkənin enerji sektorunun inkişafına davamlı dəstək verir”, - P.Mixalko bildirib.

O, həmçinin Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təmin edilməsində Aİ-nin dəstəyini qeyd edib.