Dünyada temperatur dərəcəsi mövsümi normalardan yüksəkdir. Bəs dünya iqlim böhranı və ya onun səbəb olduğu miqrasiya ilə mübarizə aparmalıdır?

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, dəniz səviyyəsinin yüksəlməsinə, okean temperaturunun artmasına, buzlaq kütlələrinin əriməsinə və atmosferə milyardlarla ton metan qazının buraxılmasına səbəb olan iqlim dəyişikliyi insan həyatına birbaşa təsir göstərir.

Belə ki, iqlim dəyişikliyi isti dalğaların yaranmasına, meşəyanğınlarına, quraqlığa, həddindən artıq yağıntılara, sel və digər təbii fəlakətlərə səbəb olur.

İqlim dəyişikliyi həm böyük iqtisadi itkilərə və həm də dünyada miqrasiya hərəkatına səbəb olur.

İqlim dəyişikliyi ilə mübarizədə yol xəritələri müəyyən edilsə də, Paris İqlim Sazişinin qlobal temperatur artımını 2 dərəcədən (mümkünsə 1,5 dərəcə) aşağı saxlamaq məqsədinə doğru müsbət irəliləyişin olmaması narahatlıqları artırır. Mövcud problemlər davam edərsə, əsrin sonuna qədər 2,8 dərəcə istilik artımı proqnozlaşdırılır və bu, dünya üçün “fəlakət” hesab edilir.

Dünyada iqlim böhranının səbəb olduğu təbii hadisələr insan həyatını çətin vəziyyətə saldığından, onlar köç etməyə məcbur olurlar.

İqlim miqrasiyası ümumiyyətlə “insanların qida, sığınacaq, iqtisadi və sosial ehtiyaclarını ödəmək üçün ətraf mühit və ekoloji dəyişikliklər nəticəsində yerdəyişməsi” kimi ifadə edilir. İqlim miqrasiyasının əsas səbəbləri arasında quraqlıq, temperatur dəyişiklikləri, daşqınlar, qasırğa və sel kimi ekstremal hava hadisələri var. Dünya üzrə ötən il 32,6 milyon insan iqlim dəyişikliyi səbəbindən ölkə daxilində miqrasiya edib.

Bildirilib ki, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlər səbəbindən hər il milyonlarla insan evlərini tərk edir. Araşdırmalara görə, 2050-ci ilə qədər 216 milyondan çox insan iqlim dəyişikliyi səbəbilə miqrasiya edə bilər.

 

Gözəl Həşimova