Uzun illərdir ki, Azərbaycanda 12 illik təhsil sisteminə keçid müzakirə olunur.

Lakin buna baxmayaraq, konkret addımların atılmaması müşahidə olunur. Maraqlıdır ki, 12 illik təhsil sistemi bizə nə verə bilər?

Təhsil üzrə ekspert Etibar Əliyev Redaktor.az-a açıqlamasında bildirib ki, təhsil sahəsinin inkişafı üçün “11+1” sisteminə keçid zəruridir:

“Dünyanın 150-dən çox ölkəsində artıq 12 illik təhsilə keçilib. 12 illik təhsil artıq Avropa standartlarına uyğundur. 11 illik təhsil ancaq postsovet məkanına daxil olan bir neçə ölkədə qalıb. 12 illik təhsilin bir neçə müsbət cəhətləri var.

Birincisi, təmayülləşmə prosesi daha yaxşı həyata keçirilə bilir. Çünki 11-12-ci siniflərdə təmayülləşmə prosesi daha effektli olur.

İkincisi, oğlanların yaşına 1 yaş daha əlavə olunur. Bu isə onların ordu sıralarında xidmət etməsi baxımından fiziki hazırlığa müsbət təsir edir.

Üçüncüsü, təhsil sənədlərinin eyniləşdirilməsi üçün 12 illik təhsil əhəmiyyətlidir. Yəni, hazırkı orta məktəb haqqında təhsil sənədi 12 illik orta təhsilin tətbiq olunduğu dövlətlərdə eyniləşdirilmir. Nəticədə hər hansısa ali məktəbə qəbul prosesində müəyyən çətinliklər yaşanır.

Dördüncüsü, 12 illik təhsil xeyli dərəcədə proqramların yüngüllüşməsinə səbəb olur. Azərbaycanın orta təhsilində proqramlar ağırdır. Bu ağırlığın nisbətən yüngülləşdirilməsi üçün 12 illik təhsilə ehtiyac var. Eyni zamanda, “11+1” sistemi uşaqların təfəkkürünün inkişafına da müsbət təsir edə bilər”.

Ekspert onu da bildirib ki, 11 illik təhsil sistemi geriləməyə səbəb olur:

“2009-cu ildə “Təhsil haqqında” qanun qəbul olduqdan sonra, 12 illik təhsillə bağlı müzakirələr gedir. Lakin bu il qəbul olunan “Ümumi təhsil haqqında” qanunda  məlum məsələ öz əksini tapmadı. Yeni qanun qəbul olunubsa, artıq hansısa dəyişikliyin qəbul ediləcəyi gündəmdən silinir. 11 illik təhsil inkişafa mane olur. Biz bunu hazırkı təhsil sistemimizdə hiss edirik. Təəssüf ki, 12 illik təhsilə keçmək üçün gecikirik. Yaxın zamanlarda 12 illik təhsil sisteminə keçid gözlənilmir”.