“Yaşar Nurininin ölüsü də bizdən zirvədədir”

““Lotu Quli”nin mənlə heç bir əlaqəsi yoxdur” 

Xalq artisti Arif Quliyev modern.az saytına müsahibə verib. Onunla söhbətin bir hissəsini təqdim edirik. 

- Arif müəllim, əhvalınız necədir?

- Hər vaxtınız xeyir olsun. Mən əlayam. Baxmayaraq ki, hazırda teatrda işləmirəm, təqaüddəyəm, amma çox yaxşıyam. Mayın 16-da 69 yaşımı qeyd etdim. Vəziyyət əladır.

- Yeni film çəkilişlərinizdən nə danışa bilərsiniz?

- Son 4 il ərzində 10 dənə filmə çəkilmişəm. Hazırda isə “Ay-ay-ay” serialının çəkilişlərinə başlanılıb. Onlarla müqavilə bağladığıma görə işləyirəm. 

Aldığınız qonorar sizi qane edirmi ?

- Əlbəttə, qane edir.

- Nə qədər qonorar alırsız?

- Günümə 100 manat pul alıram.

- Arif Quliyev deyəndə insanların üzündə istər-istəməz gülüş yaranır...

- Bu, elə bir sənətdir ki, onu arzulamaqla, istəməklə deyil, bunu ancaq istedadla bacarmaq olar. Bizdə məsələn, Qara Qarayev bəstələri ilə, Səttar Bəhlulzadə rəsm əsərləri ilə, Zeynəb Xanlarova, Rəşid Behbudov səsi ilə dünyada məşhurdur. Bu şöhrəti ancaq istedadla əldə etmək olar. Mən bu sənəti özümdə hiss eləmişəm və demişəm ki, mən bu sahəyə gəlsəm, nə isə əldə edə bilərəm.

- Siz daha çox yumor ustası kimi tanınırsınız. Amma tamaşaçı düşünür ki, əsl aktyor bütün rolları ifa edə bilməlidir. Bəs siz niyə dramatik rolları  canlandırmamısınız? Ümumiyyətlə, dramatik rol təklifi alsanız, bunu bacararsınızmı?

- Mərahim Fərzəlibəyovun rejisorluğu ilə çəkilmiş “Mənim ağ şəhərim” filmi var. Mənim orda qəmgin bir obrazım var. Bu iş ümumiyyətlə rejissor işidir. Rejissor rolları seçir və təxmin edir ki, rolun öhdəsindən kim gələ bilər. Düzü, mən ciddi obrazlar oynamamışam. Özümdə də hiss eləməmişəm ki, bu rolların öhdəsindən gələ bilərəm. Əslində biz komediya ustaları insanlara ciddi söhbətləri gülüşlə çatdırırıq. Məsələn, əliəyri, oğru insanları obraz olaraq, canlandırırıq ona yumor qatırıq və beləcə fikrimizi insanlara onları güldürərək çatdırırıq. Mən inana bilmirəm ki, insanları ağlatmağı bacarım.

- Bir oğlunuz rəhmətə gedib. Bəs o biri oğlunuz hazırda nə işlə məşğuldur?

Mədəniyyət və İncəsənət Universitetini aktyorluq ixtisası üzrə oxuyub. İşsizdir sadəcə. Evdədir indi, işləmir. Amma işləyəcək inşallah.

- Ata olaraq oğlunuza iş axtarırsınızmı?

- Oğlum aktyorluğu oxusa da, bu sahəyə heç marağı yoxdur. Satira teatrında quruluşcu rejisor kimi işləyib, amma gərək adamın işinə həvəsi olsun. 

- Arif müəllim, xalqın sevgisi, şan-şöhrət bir qırağa, maddi cəhətdən bu sənət sizə nə qazandırıb?

- Bir işə maddiyyat kimi baxırsansa, o iş sənə heç vaxt uğur qazandırmaz. Gərək sən işləyəsən, əziyyət çəkəsən. Sonra isə onun bəhrəsini görəsən. Mən də vaxtilə çox zəhmət çəkmişəm bu sahədə. İndi də hər şeydən razıyam.

- Bir neçə il əvvəl  saytlara verdiyiniz müsahibənizdə maddi cəhətdən sıxıntılarınızın olduğunu qeyd etmişdiniz.

- Onu yalan yazıblar. Ona görə saytlara müsahibə verməyi sevmirəm. Mən Xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Aylıq gəlirim 2 min manatdır. Dolana bilirəmsə, mən yalandan niyə şikayət etməliyəm? Film və seriala da çəkilirəm, pulumu alıram.