2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində deyib.

“Bu proses zamanı bəzi dairələrin açıq qərəz və ikili siyasət yürütməsinə baxmayaraq, Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bu istiqamətdə olan çağırışların öhdəsindən gəlməyə imkan verib”, - nazir əlavə edib.

Ceyhun Bayrmov İran İslam Respublikası ilə münasibətlərə də toxunub:

“27 yanvarda İrandakı Azərbaycan səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub. Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib”.

Nazir deyib ki, 2023-cü ildə 44 ölkə ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 161 sənəd imzalanıb:

"2023-də yeni diplomatik missiyalar açılıb, belə ki, Slovakiyada yeni səfirliyimiz açılıb. Bununla da diplomatik missiyaların sayı 90-a çatıb".

Ceyhun Bayramov, həmçinin əlavə edib ki, 2023-cü ildə Mərkəzi Asiya dövlətləri ilə təmaslar intensiv olub:

"Azərbaycan Prezidenti tərəfindən bu region ölkələrinə 6 səfər, həmin region ölkələrin liderləri tərəfindən isə Azərbaycana 8 səfər reallaşıb".