M.Qənbərov deyib ki, əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır: “Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkündür. Misal üçün, ”Azneft" İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər".

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT İB) rəhbəri Mirvari Qəhramanlı deyir ki, Xəzərin çirkləndirilməsi problemi illərdir ki, mövcuddur. Hüquq müdafiəçisi problemin aradan qaldırılması üçün neft hasilatı zamanı texnoloji prosedurlara ciddi əməl olunmasının vacibliyini vurğuladı: “Quyudan neft su ilə birlikdə çıxarılır. Sonradan neft sudan ayrılır, su yenidən laya vurulmalıdır. Amma bu qaydalara əməl etməyən şirkətlər var. ETSN-in müvafiq addımlarına baxmayaraq, tullantılarla əlaqədar problemlər qalır”.

M.Qəhrəmanlı deyir ki, ETSN təkcə qurudakı yataqları yoxlaya bilir. Hüquq müdafiəçisi dənizdə durumun daha ağır olduğunu bildirib. Vəziyyətin dəyişməsi üçün atılması gərəkən addımları da sadalayıb: “İdarələrin sayını azaldıb, məsuliyyəti artırmaq, idarələr tərəfindən nazirliyə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq vacibdir. Dövlət Neft Şirkətində Ekologiya Departamenti, İdarələrdə ekologiya şöbələri, Ekologiya İdarəsi, ”Ekol" birgə müəssisəsi var. Amma hər il ETSN-in apardığı yoxlamalar ətraf mühitə ciddi ziyan vurulmasını ortaya qoyur. Bu problemlərin aradan qaldırılması Xəzər dənizinin tullantı suları ilə çirklənməsinin qarşısının alınması üçün zəruridir".(musavat.com)