Türkiyə seysmik olaraq aktiv bir ölkədir. Ölkə həm Avrasiya lövhəsi, həm də Ərəb lövhəsi ilə Afrika lövhəsi arasında yer alır. Buna görə də, Türkiyədə demək olar ki, tez-tez güclü zəlzələlər baş verir.

İqtisadiyyat.az bildirir ki, Türkiyə tarixinin ən güclü zəlzələsi 26 dekabr 1939-cu ildə qeydə alınıb. 7,9 bal gücündə olan zəlzələ Ərzincanda meydana gəlib, 52 saniyə davam edən zəlzələ nəticəsində 32 962 nəfər həlak olub, 100 minə yaxın insan yaralanıb. Hadisə 116 min binanın çökməsinə səbəb olub. Bu zəlzələ dünyanın da ən böyük zəlzələləri arasındadır.

Ölkədə zəlzələlərin qeydə alınmağa başlandığı 1900-cü illərdən bu yana 6 bal və üstü böyüklüyündə 226 zəlzələ baş verib. Bunların 85-i 6.5 və daha güclü zəlzələlərdir. Bunlardan xüsusilə 20-si çox sayda insan tələfatına və dağıntılara səbəb olub.  

Yaxın keçmişdə Türkiyədə baş verən ən güclü zəlzələlər bunlardır: 1992-ci ildə 6,6 şiddətində Ərzincan, 1999-cu ildə 7,4 şiddətində Gölcük, 1999-cu il 12 noyabrda 7,2 şiddətində Düzcə, 23 oktyabr 2011-ci ildə 7,2 şiddətində Van zəlzələləri.

1999-cu il 17 avqustunda Kocaeli Gölcükdə meydana gələn 7,4 bal gücündəki zəlzələ 17 min 840 insanın ölümünə, 43 mindən çox şəxsin yaralanmasına səbəb olub. Bu zəlzələ 45 saniyə çəkib.

Türkiyədə baş verən son güclü zəlzələ 2020-ci ildə Elazığda meydana gəlib. Bu zəlzələnin şiddəti 6,6 bal olmuş, 44 nəfər həyatını itirib. Həmin ilin oktyabr ayında baş verən İzmir zəlzələsində isə 117 nəfər ölüb.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş bölgəsində 7,8 bal gücündə zəlzə baş verib. Son məlumatlara görə zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib.