"Taliban rejiminin idarə etdiyi Əfqanıstan dünya üçün problemli dövlətə çevrilməkdədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın “İl Giornale” nəşrində geniş məqalə dərc olunub. Məqalədə qeyd olunur ki,  "Əl-Qaidə", "İŞİD" və Taliban ölkə ərazisində 10 mindən çox kamikadzeni birləşdirən yeni ittifaq yaradıb. Terrorçuların maliyyə mənbəyi narkotik və insan alverindən əldə edilən pullardır.

Əfqanıstanın beynəlxalq terrorçuların sığınacağına çevrildiyini qeyd edən müəllif bildirir ki, hazırda ölkədə yaxşı silahlanmış və ən son texnologiya ilə təchiz edilmiş 22 terror qruplaşması fəaliyyət göstərir. 

Əfqanıstanın Romadakı keçmiş hərbi attaşesi, polkovnik Caki Xoistani Qərbin gec-tez 11 sentyabr hadisələrindən daha dağıdıcı terror hücumu ilə üzləşəcəyini iddia edir.

İtaliya nəşri BMT-yə üzv ölkələrin kəşfiyyat məlumatlarına əsaslanan hesabatını ictimaiyyətə açıqlayıb. Orada bildirilir ki, əfqan terrorçularının ixtiyarında onlarla təlim düşərgələri, bazalar və kazarmalar var. Üstəlik iki il əvvəl Qərb qoşunlarının qoyub getdiyi hərbi texnikalar da bura daxildir.

Ekspertlərin sözlərinə görə, Əfqanıstandan qonşu ölkələrə qarşı terror hücumlarının sayı artıb. Təkcə “Təhrik-e-Taliban-Pakistan” cihadçı qruplaşması ötən ilin noyabrından Pakistanda yüzdən çox terror aktı həyata keçirib. Bu yaxınlarda Pakistan hökuməti Əfqanıstanla sərhədini bağlamalı oldu. Rəsmi İslamabad Taliban rejimindən Əfqanıstan ərazisindən terror hücumları üçün tramplin kimi istifadə etməyi dayandırmağı tələb edib.

Əfqanıstanda yerləşən 22 terror qruplaşmasından biri olan "Ənsarullah Camaatı"nın silahlıları avqustun 30-da Tacikistan sərhədini keçib. Onlardan 3-ü təhlükəsizlik qüvvələri ilə döyüşdə həlak olub və onlardan külli miqdarda silah-sursat götürülüb. Müsadirə edilən silah-sursatların arasında Amerika ordusundan qalma M-4 snayper tüfəngləri və gecəgörmə cihazlarına rast gəlinib. 

Nəşrin məlumatına görə, hazırda “Əl-Qaidə”nin Əfqanıstanda 30-dan 60-a qədər komandiri, 400-dən çox yaraqlısı və 1600-dən çox ailə üzvü var. Onlar xaricdən kriptovalyuta vasitəsilə pul alırlar. "Əl-Qaidə" bütün ekstremist qruplar və xarici könüllülərlə məşğul olan Taliban Baş Kəşfiyyat İdarəsinin 12-ci bölməsi tərəfindən idarə olunur. Əfqanıstanda İŞİD üzvləri və onların ailə üzvlərinin sayı 4-6 min nəfər arasında dəyişir. Onlar əsasən əfqanlardan ibarətdir, lakin aralarında azərbaycanlılar, pakistanlılar, çeçenlər, türklər və Suriyadan gələn ərəblər də var. İŞİD bazaları əsasən ölkənin şimalında yerləşir və ötən ildən daha beş təlim bazası yaradılıb.

Terror təşkilatları arasında ən təhlükəlisi "Taliban"ın Pakistan qanadının müxtəlif qruplardan ibarət kartelidir. BMT-nin hesablamalarına görə, Əfqanıstanın əsasən şərq əyalətlərində 4000-10000 döyüşçüsü var. 

"Şərqi Türküstan İslam Hərəkatının 300-1200 ardıcılı var. Onlar “xilafət” qurmaqla Çinin Sincan bölgəsini “azad etməyə” çalışan bir qrupdur. 

Əfqanıstan həm də keçmiş Sovet respublikasını “əmirliyə” çevirmək istəyən "Özbəkistan İslam Hərəkatı"nın sığınacağıdır.

İstefada olan general və 2001-ci ilin sonunda Kabilə gələn ilk zabit Giorgio Battisti xəbərdarlıq edir: “11 sentyabr hadisəsindən 22 il sonra cihad təhlükəsi həmişəkindən daha çoxdur. Qərb təslim olmaq istəməsə, qətiyyətlə mübarizəni davam etdirməli, eyni zamanda Əfqanıstanda buraxılan səhvlərdən nəticə çıxarmalı olacaq”.