Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin məlumatına görə, 2020-ci ilin ötən dövrü ərzində Agentliyin yerli qurumları tərəfindən respublikanın taxıl əkini sahələrində xüsusi təhlükəli, karantin tətbiq olunan və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilib. Siçanabənzər gəmiricilərə bağlı respublikanın əsasən şimal və şimal-qərb rayonları daxil olmaqla, ümumilikdə, 26 rayonunun ərazisində 145,4 min hektar sahədə fitosanitar müşahidələr aparılıb və 77,3 min hektar sahədə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş 60,1 min hektar sahədə isə mübarizə işləri aparılıb. Aparılan mübarizə işinin 57,2 min hektarında tədbirlər büdcə vəsaiti hesabına həyata keçirilib. Ümumilikdə, 4500-dən çox fermer və 34 iri təsərrüfat subyektinin əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri yerinə yetirilib.

Dənli bitkilərdə taxıl böcəyinə qarşı 12,3 min hektar sahədə müşahidələr aparılıb, 6,6 min hektar sahədə sirayətlənmə aşkarlanıb. Qeyd edək ki, 6,2 hektar sahədə təsərrüfat subyektləri hesabına mübarizə tədbirləri Agentliyin mütəxəssislərinin tövsiyəsi və iştirakı həyata keçirilib. Mübarizə tədbirləri əsasən Şəki, Ağcabədi, Füzuli, Qax, Qəbələ və Tərtər rayonlarının ərazisində aparılıb.

Məftil qurdları Oğuz və Zaqatala rayonlarının ərazisində 205 hektar sahədə müşahidə edilib və bu zərərvericiyə qarşı 135 hektar sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb.

Həmçinin tədbirlər çərçivəsində fermerlərlə mütəmadi olaraq görüşlər keçirilib, kimyəvi preparatların tətbiqi və təhlükəsizlik qaydaları barədə maarifləndirmə işləri aparılıb və bukletlər paylanılıb.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə Agentliyin aidiyyəti yerli qurumları tərəfindən fitosanitar müşahidə və müvafiq mübarizə tədbirləri davam etdirilir.

(Azertac)