“Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması vacib məsələ kimi qarşımızda dayanır. Hazırda aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərində nəzarətdənkənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür”.

Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılıb, yüzlərlə belə nəzarətdənkənar qoşulmalar aşkarlanıb:

“Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılmışdır, əlavə 31 cihaz quraşdırılacaqdır.

Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır. Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq”.

“Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı görülən işlər barədə geniş hesabat hazırdır və yaxın günlərdə daha geniş formatda Sizə təqdim olunacaqdır”, - deyə o qeyd edib.