Bu il üçün SOCAR üzrə neftin emal dərinliyi 94,3% səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə bir qədər çoxdur.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2018-ci ildə SOCAR üzrə neftin emal dərinliyi 94,1% təşkil edib.

Məlumata əsasən, 2007-2018 illərdə neftin emal dərinliyi 42% artıb. 2007-ci ildə bu göstərici 66,3% təşkil edirdi.

Qeyd edək ki, hazırda SOCAR-ın balansında illik 6 mln. ton xam neft emalı gücünə malik bir neft emalı zavodu var - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu. Artıq zavodda aparılan modernizasiya və yenidənqurma layihəsi çərçivəsində neftin ilkin emalı üzrə yeni qurğunun inşa olunması qərara alınıb. Bu da zavodun ümumi emal gücünün 7,5 mln. tona çatdırılması imkan yaradacaq. Qurğunun tikintisi 2023-cü ilin sonuna yekunlaşa bilər.