Lakin bununla yanaşı dövlətin yardımını əldə etmək üçün vətəndaş uzun-uzadı sənəd toplamalı, şəxsin adına avtomobil və müvafiq iş yeri olmalıdır ki, həmin yerdən arayış ala bilsin. İş yeri olmayan çoxuşaqlı və maddi durumu çox aşağı olan ailələr sırf bu baxımdan dövlət qayğısından kənarda qalır. 2018-ci ilin illik məruzəsində çıxış edən Ombudsman Elmira Süleymanova ünvanlı dövlət sosial yardımların verilməsində pozuntuların və süründürməçilik hallarının hələ də qalmasını vurğulayaraq, onların aradan qaldırılmasının vacib olduğunu deyib. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov ünvanlı sosial yardımın təyinatı zamanı baş verən pozuntuların qarşısının alınmasının hələki mümkün olmadığını vurğulayıb.

“Biz ümumiyyətlə ünvanlı sosial yardımı effektiv yol hesab etmirik. Çünki burada ünvanlılığı tam təmin etmək mümkün deyil”.

“İndi internet üzərindən müraciət sistemi tətbiq olunub. Amma pensiyada olduğu kimi, ünvanlı sosial yardım təyinatını da obyektiv kriteriyalar əsasında təyin etmək mümkün deyil. Məsələn, birinin qeydiyyatda olmayan maşını, evi yaxud mal-qarası əgər varsa aşkar olunmaya bilər. Ona görə də bu müayinə prosesini ləğv etmək mümkün deyil. Müayinəni də ƏƏSMN-nin əməkdaşları həyata keçirir. Təbii ki, bu zaman süründürməçilik də, korrupsiya da baş verir. Düzdür bu halların qarşısını almaq üçün nazirlik çox tədbirlər görüb. Ancaq elə də bir nəticə əldə olunmayıb. Bu yaxınlarda cənab nazir demişdi ki, istehlak kreditləri ilə bağlı müəyyən güzəştlər ola bilər. Yəqin ki, bu məsələyə baxılacaq. Qaldı ki, iş yerindən arayış və digər tələblər, onlar olduğu kimi qalır. Buna görə də biz ümumiyyətlə ünvanlı sosial yardımı effektiv yol hesab etmirik. Çünki burda ünvanlılığı tam təmin etmək mümkün deyil. Əvvəllər lap biabırçı vəziyyət idi. İllər keçdikcə təkmilləşdirilsə də, yenə də subyektivlik, ünvansızlıq, qeyri-şəffaf fəaliyyətlər qalır.

Sahib Məmmədov verdiyi açıqlamada digər ölkələrdə aztəminatlı ailələrə başqa üsullarla yardım edildiyini bildirib.

“Məsələn, Amerikada bunu dövlət yox fərdi insanlar, QHT-lər aylıq müavinətlə deyil, ərzaq yardımı ilə təşkil edirlər. Orada yeganə kriteriya odur ki, insan özünü kasıb sayır. Bu yardım sırf mənəviyyat üzərində qurulub. Kim özünə sığışdırmır gedib götürməz. Təəssüf ki, bizdə 5 maşını olan da hər hansı yolla sosial yardım almaq istəyir. Dövlətimizin kasıb təbəqə üçün nəzərdə tutduğu yardıma göz dikmək mənəviyyatsızlıqdır. Əmək pensiyalarının təyinatı zamanı baxırlar ki, vətəndaşın filan qədər iş təcrübəsi var, yaşı çatır, ona pensiya təyin edirlər və özünə xəbər verirlər ki, gəl müavinət kartını götür. Amma sosial yardım təyinatında belə deyil. Qeydiyyatda vətəndaşın adına avtomobil, ev və digər zidd olan detallar aşkarlanmasa da reallığa baxsaq təəssüf ki, ona müavinət təyin etmirlər. Nə qədər elektronlaşdırılsa da burada insan əli lazımdır. Əməkdaşlardan 200-300 manat maaş alanlar vətəndaşlarla sövdələşməyə gedirlər. Əlbəttə təyinat prosesini təkmilləşdirmək lazımdır. 2012-ci ildə təyinatlara ictimaiyyət, QHT və mətbuat nümayəndələri cəlb olunurdu. Sonra onu da yığışdırdılar, formal yuxarıdan guya İctimai Şura yaradıblar, o da xeyir vermir.”

Mehman Nəbiyev