Ölkədə son zamanların ən aktual məsələlərindən biri də marketinq və Azərbaycanın marketinq bazarında yaranan boşluqlardır. Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycanın reklam bazarındakı göstəriciləri iqtisadiyyatın ümumi parametrləri ilə uyğunlaşmır desək yanılmarıq. Bu sahədə yaranan boşluqların aradan qaldırılması üçün geniş imkanlarımız olsa da, müəyyən səbəblərdən hələ də ləngiyirik. “Marketinq maşının qaz pedalıdır” prinsipinə əsaslanaraq, bu sahədə sürətlə irəliləyən 'AdMedia' reklam agentliyinin rəhbəri, marketoloq Sabit Məmmədov danışıb:

'Reklamçılıq çox dinamik bir sektordur. Reklamçılıq sektorunda çalışan hər bir insan özünü inkişaf etdirməli, yeniliyə açıq olmalıdır. Reklam bazarında irəliləmək üçün mütləqdir ki, investisiya yatırasan. Diqqəti və tələbatı artırasan. İctimaiyyəti yaxşı analiz edib bazarın reallıqlarını da çox yaxşı bir şəkildə öyrəndikdən sonra strategiya quraraq, bu sektorda müvəffəqiyyətli olma şansımız artar.

Əvvəllər bu sahədə rəqabət yox idi. Amma indiki vaxtda rəqabət gün keçdikcə artır. Hətta, eyni sektora aid bir kiçik, bir də böyük şirkətin rəqabət etmə vəziyyətləri əsas məsələdir. Böyük şirkət əlindəki reklam büdcəsini doğru istifadə etmədiyində, kiçik şirkət xırda reklamlar edərək bir anda böyük şirkətlə rəqabət edəcək vəziyyətə gəlir. Burada əhəmiyyətli olan cəhət reklam büdcəsinin doğru istifadə edilməsidir. Belə olan halda əlbəttə ki, qarşılaşdığımız problemlərin həlli istiqamətində müəyyən işlər görülə bilər.'

İqtisadiyyat.Az