Sabirabadda kartof yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları bu günədək 1300 hektar kartof sahəsinin məhsulunu toplayıblar ki, bu da ümumi kartof sahəsinin 94.6 faizini təşkil edir.

Rayon statistika idarəsindən bildirilib ki, sabirabadlı əkinçilər erkən yazda 1374 hektar sahədə kartof əkiblər. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 1300 hektar sahədən 18 min 317 ton kartof toplayıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 ton çoxdur. Məhsulu yığılmış hər hektar sahədən 140.4 sentner kartof əldə olunub.

Tədarük olunan məhsulun demək olar ki, 80-85 faizi rayonun Qasımbəyli kəndində fəaliyyət göstərən torpaq sahibkarları tərəfindən toplanılıb. Rayonda məhsul yığımı yaxın günlərdə başa çatacaq.

Qasımbəyli kənd sakini Rubin Rəhimov bu il 1.5 hektar sahədə kartof becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim kartof sahəsinin hər hektarından 141.2 sentner məhsul götürməklə 21 ton kartof toplamışam. Məhsuldan hər il yaxşı mənfəət götürdüyümdən növbəti ilə əkin sahəsini genişləndirərək 2.5 hektara çatdırmaq fikrindəyəm”, - deyə əkinçi bildirib.