Rusiya mediası yazır ki, yanacağın həm topdan, həm də pərakəndə satış qiymətləri kəskin qalxa bilər. Virtualaz.org-un məlumatına görə, Populyar Snob saytı bu barədə dərc etdiyi məqalədə Müstəqil Yanacaq İttifaqı və Rusiya Yanacaq İttifaqı sədrlərinin baş nazirin müavini Dmitry Kozaka məktubuna istinad edir.

Həmin məktubda bildirilirdi ki, təkcə aprelin 15-dən mayın 15-dək Rusiyada Ai-92 benzin markasının qiyməti 23, Ai-95-in qiyməti 18, 5, dizel yanacağının qiyməti isə 2, 5 faiz artıb. Müəllif xatırladır ki, ötən ilin eyni vaxtında da benzinin qiyməti sıçrayışlı artmışdı.

Baş nazirin müavini mediaya sızmış məktuba açıq mətbuatda cavab verib və bildirib ki, yanacaq qiymətlərinə moratorium hələ də qüvvədədir və narahatlıq üçün əsas yoxdur. Lakin məqalənin müəllifi Maksim Blant bu qənaətdədir ki, yerlərdə baş verənlər baş nazir müavininin ifadə etdiyi əminliyə uyğun gəlmir.

Məsələn, Rosneft Uzaq Şərqdə neftayırma kompleksinin tikintisini dayandırıb. Rusiyanın neft nəhənginin bu barədə bəyanatında deyilir ki, kompleksin tikintisi üçün ayrılmış 1, 5 trilyon rublluq investisiya dondurulub, artıq xərclənmiş 90 milyard rubl isə ziyan kimi silinib.

Şirkət bunu son illərdə Vergi Məcəlləsinə neft emalı sahəsində vergiləri əlverişsiz edən 50-dək əsaslı düzəliş edilməsi ilə izah edir və buna görə də bu sahəyə investisya qoyulmasının cazibədar görünmədiyini bildirir.

Son aylarda Avropa və ən əsas da Rusiyanın yanacaq bazarında baş verən qiymət artımları Azərbaycana necə təsir edəcək? Ümumiyyətlə şimal qonşumuzda hökm sürən yanacaq bahalaşması Azərbaycanda da qiymət artımına səbəb ola bilərmi? Mövzu ilə əlaqədar iqtisadçı ekspert İlham Əzizov İqtisadiyyat.Az-a açıqlama verərkən Rusiyada qeydə alınan bahalaşmanın səbəblərinə aydınlıq gətirib.

“Hazırda Avropada yanacağın qiyməti 3%, Rusiyada isə 20%-dən yuxarı artıb. Rusiyada yanacağın qiymətinin qalxmasının bir neçə obyektiv səbəbləri var. Əvvəla orada yanacağın ƏDV-ni 20%-ə qaldırıblar. Bundan əlavə Rusiyanın yanacaq bazarında təminat azalıb. Defisit yaranıb. Bunun da gələcəkdə daha böyük rəqəmlərə gedib çıxacağını düşünürəm. Həmçinin Rusiyada yanacaq istehsal edən ən böyük zavodlarda təmir işləri başladığı üçün, istehsal azalıb. Hazırda rus iqtisadiyyatını idarə edən şəxslər aksis vergisini aşağı salıb nəzarəti ələ almaq istəyirlər”.

Ekspert, Azərbaycanda qiymət artımı üçün heç bir iqtisadi əsasın olmadığını bildirib: “Azərbaycana gəldikdə isə dövlət buna nəzarət edir. “Azəri light” neftnin 1 bareli 70 dollardan yuxarıdır. Yanacaq istehsalı da normal səviyyədədir. Ona görə də Azərbaycanda yanacağın qiymətinin qalxmasına heç bir iqtisadi əsas yoxdur. Təbii ki, dünya bazarında yanacağın qiymətində hər hansı dəyişiklik olsa, Azərbaycanda da bu özünü göstərəcək. Rusiya ilə fərqimiz ondan ibarətdir ki, orada neftin çıxarılmasına da məsrəflər də artır, zavodlar köhnədir. Həmçinin Rusiyada qiymətlər müxtəlif birja vasitəsilə təyin olunur. Ona görə də ruslar bu məsələyə daha çox reaksiya verir.”

Mehman Nəbiyev