Rusiya sanksiyalardan sonra Şimal dəniz yolu və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi alternativ yolların inkişafını sürətləndirərək beynəlxalq ticarəti əsaslı şəkildə dəyişdirmək istəyir.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, bir çox Qərb ölkələri Ukrayna müharibəsi səbəbindən bazarlarını Rusiya üçün bağlayırlar. Buna görə də ticarətdə alternativ bazarlar Rusiya üçün əhəmiyyət qazanır. Xüsusilə enerji ticarətində Rusiyanın Çin və Hindistana ixracı əhəmiyyətli dərəcədə artarkən, ölkənin Yaxın Şərq, Latın Amerikası və Afrika ölkələrinə də marağı artmaqdadır.

Belə ki, bu ilin yanvar-may aylarında Rusiyanın Hindistana neft ixracı 3,4 milyon tondan 37 milyon tona, Çinə neft ixracı isə ilin ilk 7 ayında 41 milyon tondan 52,6 milyon tona yüksəlib.

Rusiyanın Yaxın Şərqdəki ən böyük ticarət tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 68% artaraq 9 milyard dollara yüksəlib. Bundan əlavə, BƏƏ-nin dünyanın əsas neft istehsalçılarından biri olmasına baxmayaraq, 3,2 milyon barel Rusiya nefti idxal etməsi diqqət çəkib.

İxracda hədəf bazarlarını Avropadan dünyanın digər bölgələrinə köçürən Rusiya, məhsullarının daşınması üçün alternativ marşrutlar hazırlayır. Alternativlər arasında Rusiyanın ən çox önəm verdiyi marşrut kimi Şimal dəniz yolu önə çıxır. 2014-cü ildə Şimal dəniz yolu ilə ildə 4 milyon ton yük daşındığı halda, ötən il bu həcm 34 milyon tona yüksəlib. Rusiya hökuməti 2030-cu ilə qədər bu yol ilə daşınan yüklərin həcmini 100 milyon tondan çox artırmağı hədəfləyir.

Rusiya son vaxtlar Şimal-Cənub dəhlizi üzrə işlərini də sürətləndirib. Şimal-Cənub dəhlizi ilə Hindistandan Rusiyaya və ya Avropaya gedən yüklərin daşınma müddətlərinin azaldılması hədəflənir.

 

Gözəl Həşimova