“Zurabaşvili ermənilərin maraqlarından çıxış edir”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. İqtisadiyyat.Az müsahibənin bir hissəsini oxucularına təqdim edir.

Gürcülərin Azərbaycana ərazi iddiasını necə qiymətləndirirsiniz? sualına millət vəkili belə cavab verib:

-"Azərbaycan ermənilərə münasibətdə buraxdığı səhvi təkrarlamamalıdır. Qardaşlıq və dostluq haqqında oxunan moizələr keçərli deyil. Gürcüstanın baş naziri və xarici işlər naziri ilə üst səviyyədə təcili görüşlər keçirilməli və təxribatlara son qoyulması tələb olunmalıdır. Azərbaycan hökuməti gürcü xalqının eşidəcəyi səviyyədə bəyan etməlidir ki, yalnız Azərbaycan əsgərinin üzərindən keçib Keşikçi dağa sahib ola bilərsiniz. Siz müharibə istəyirsinizsə biz hazırıq. Azərbaycan artıq 1988-ci ildəki Azərbaycan, Gürcüstan da Rusiyanın forpostu deyil. Bundan başqa biz Gürcüstanda öz qədim torpaqlarında yaşayan azərbaycanlılarla, din qardaşlarımız olan acar xalqının nümayəndələri və müxalifət partiyaları ilə ciddi işləməliyik. Onlar bilməlidirlər ki, Zurabaşvili Gürcüstanın yox, xarici havadarlarının, o cümlədən ermənilərin maraqlarından çıxış edir. Erməni diasporu çoxdan, o hələ Fransa diplomatı olarkən onu satın alıb. Eyni zamanda zəiflik kimi qiymətləndirilməsindən çəkinmədən qardaş Türkiyə rəsmiləri ilə danışılmalıdır. Onlar da gürcüləri başa salsın ki, iki qardaş dövlət arasında yerləşdikləri halda belə qorxulu işlərlə məşğul olub Gürcüstan dövlətinin varlığını təhlükəyə atmaq olmaz. Düşünürəm ki, hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə də düşünməlidir. Kommunikasiya xətlərinin Gürcüstan üzərindən keçməsindən də çəkinmək lazım deyil. Onların da dünyaya çıxışı Türkiyə üzərindəndir. Türkiyə və Azərbaycansız onların iqtisadiyyatını təsəvvür etmək belə mümkün deyil. Hətta bunlarsız belə kommunikasiya xətlərinin kəsilməsi Gürcüstanda dərhal hakimiyyət dəyişikliyi deməkdir".