2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 mlrd manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsulunun 73,9 %-i mədənçıxarma, 23,2 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1 vəziyyətinə 289 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 86,5 mln manat məbləğində digər məhsullar da mövcud olub.