Demək olar ki, hər həftə mediada “AQTA anti-sanitar şəraitdə ərzaq məhsulları istehsal edən obyekt aşkarladı” başlıqlı məlumatla rastlaşırıq. Sağlamlığımıza qənim kəsilən bu “istehsalçı”lar əsasən də Bakıətrafı ərazilərdə aşkar olunur. Onsuz da dünya səhiyyəsi bəzi qida məhsullarının, xüsusən də broyler toyuqlarının insan orqanizmi üçün təhlükəli olduğunu qəbul ediblər. Bir də məhsulun natəmiz şəraitdə qablaşdırılması və marketlərə göndərilməsi sağlamlığımıza daha ağır zərbədir. İstər təmiz, istərsə də natəmiz şəraitdə qablaşdırılan,kimyəvi maddələr qatılmış bu toyuqları orqanizmimizə hansı “xoş” təsirləri bağışlayır? Bəs anti-sanitar şəraitdə məhsulun qablaşdırılması ilə məşğul olanları hansı cərimələr gözləyir və bununla bağlı məcəllədə hansı maddələr əks olunub?

“Həmin məhsullar əsasən də hamilə qadınlar, uşaqlar və yaşlılar üçün daha pis təsir göstərə bilər”

Bu sözləri terapevt dr.Elnur Eldaroğlu İqtisadiyyat.az-a açıqlama verərkən deyib. Terapevtin sözlərinə görə, anti-sanitar şəraitdə qablaşdırılan digər məhsullar kimi ət və xüsusən də toyuq məhsulları orqanizmdə toksik-infeksiyalara səbəb olur.

“Qida toksik-infeksiyaları uzun müddət xroniki formada qəbul olunursa, əsasən də həzm sistemini yavaş-yavaş pozmağa başlayır. Bu tipli anti-sanitar şəraitdə hazırlanan məhsulların mənimsənilməsi zamanı kəskin qastroenterit yarana bilər. Həmin şəxslər özlərində baş ağrısı, halsızlıq, ürək bulanması, ishal, diffektiv hallar və yaxud da qəbizlik hiss eliyə bilərlər. Uzun müddət istifadə edilməsindən asılı olaraq, bu kimi toksik-infeksiyalar nəinki həzm sistemini, digər orqanlarını da pozur. Çünki bu kimi qidalar qəbul olunduğu hallarda ilk 12 saatda təsirini göstərə bilir. Bu zaman kəskin qastroenterit olur. Həmin məhsullar əsasən də hamilə qadınlar, uşaqlar və yaşlılar üçün daha pis təsir göstərə bilər.”

Bu kimi halların qarşısının alınması üçün davamlı tədbirlər görülür. Qida Təhlükəsizliyi Agentliyinin məbtuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, əməkdaşlarımız tərəfindən mütəmadi olaraq toyuq sexlərində monitorinq işləri aparılır.

“Konkret faktlarla müraciətlər daxil olduqda növbədənkənar yoxlamalar aparılır. Toyuq sexlərinin fəaliyyəti mütləq baytarlıq-sanitariya, sanitar-texniki, sanitar-gigiyenik tələblərə uyğun qurulmalıdır. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçməlidir.  Quşlar sağlam təsərrüfatlardan gəlməlidir. Bu tələblərə əməl edilmədiyi təqdirdə müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılır. Nöqsanların aradan qaldırılması üçün sahibkara maarifləndirici məlumatlar verilərək, müddət müəyyən olunur. Neqativ hallarla qarşılaşan hər bir kəs agentliyin  “1003 Çağrı Mərkəzi”nə zəng edib, məlumat verə bilər.Onu da deyim ki, bu kimi halların qarşısının alınması yerli icra strukturlarının səlahiyyətinə daxildir.”

Təbii ki, sağlamlığımızın bu “cani”ləri üçün hüquqi qiymət də var. Vəkil Hikmət Hüseynzadə deyir ki, həmin şəxsləri ciddi cəzalar gözləyir.

“Qanunsuz sahibkarlıqla məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə  - sanksiya: inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə tətbiq olunur. İnzibati Xətalar Məcəlləsi Maddə 220 - Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması haqqında - sanksiya:fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ilə cəzalandırılır.”

Mehman Nəbiyev