Əksər hallarda zəlzələnin səbəb olduğu dağıntılardan bir neçə gün keçdikdən sonra böyüklərdən daha çox azyaşlı uşaqların sağ çıxarıldığını görürük. Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra aparılan axtarış-xilasetmə əməliyyatlarında da bunun bir daha şahidi oluruq.

Mütəxəssislərin fikrincə isə dağıntılar altında uzun müddət sağ qala bilmək insanın bioloji xüsusiyyətləri ilə yanaşı, onun psixoloji durumundan da asılıdır. Odur ki, bu konteksdən yanaşdıqda azyaşlı uşaqlar böyüklərdən daha şanslı hesab edilə bilər. 

İqtisadiyyat.az məsələni mütəxəssislər ilə müzakirə edib. Psixoloq Gülnar Orucova mövzu ilə bağlı danışarkən bildirdi ki, uşaqların böyüklər kimi qorxu və stress anlayışları olmadığı üçün bu cür vəziyyətlərdən xilas olma şansları daha çox olur:

"Əvvəla uşaqlar zəlzələnin nə olduğunu dərk etmirlər. Digər tərəfdən uşaqların həm immuniteti, həm də aclığa dözümlülüyü daha güclü olur, nəinki böyüklərdə. Zəlzələ yayda olsa, uşaqlar 2-3 gündən artıq susuz qala bilmirlər, qış aylarında bu daha uzun müddət çəkir. Uşaqlar böyüklərdən fərqli beyinə sahib olduqları üçün, qorxu və stressi tam olaraq dərk edə bilmirlər. Dərk edə bilmədikləri üçün də sağ qalma şansları daha çox olur. Xüsusən də bəzi böyüklər tez panikaya qapılırlar, ümidlərini tez itirirlər. Ümumiyyətlə böyüklər bu cür hadisələrdən daha çox təsirlənirlər, nəinki uşaqlar. 

Bir də post-travmatik dediyimiz durumlar var. Hansı ki, fəlakətdən 6-8 ay sonra özünü göstərə bilir. Qəza və fəlakətlərdən sonra ən çox rast gəlinən stress növüdür".

 

 

Məsələ ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, dağıntılar altında uzun müddət sağ qala bilməkdə bir neçə nüans rol oynayır:

"Fəlakət zamanı dağıntı altında nə qədər müddət sağ qala bilmək dağıntının həcmindən, dağıntı olan binadan və hadisə zamanı insanın mövqeyindən asılıdır. Dağıntı zamanı insanın üzərinə beton düşməməsi və ya sığınmaq üçün əlverişli sahənin yaranması vəziyyəti dəyişir.

 

 

Uşaqların dağıntılar altından əksər hallarda sağ çıxarıla bilmələrinin səbəblərindən biri budur ki, hadisə vaxtı valideynləri onları maksimum qorumağa çalışırlar. Digər səbəb isə uşaqların orqanizminin uzun müddət dözümlü olması, immunitetlərinin güclü olmasıdır. Hər halda həm uşaqlar üçün, həm də böyüklər üçün bu nə cür şəraitdə dağıntı altında qalmalarından asılıdır. Yemək olan sahələrdə qalan insanlar daha uzun müddət dağıntı altında qala bilirlər".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az