Azərbaycanın Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

***

21.50

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) ölüm xəbəri yayılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Mədəniyyət Nazirliyindən isə bildirilib ki, Aygün Bəylər hazırda Ankarada süni nəfəs aparatına qoşulub.

"Hazırda Əməkdar artist müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək" - məlumatda bildirilib. 

***

21.00

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Əksər media subyektləri Əməkdar artistin ölümünün Mədəniyyət Nazirliyi tərəfindən təsdiqləndiyini yazıblar.

Onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov da A.Bəylərin vəfat etdiyi barədə açıqlama yayıb. 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.