"İnsanlar sağlamlıqlarını riskə atmaq istəmirlərsə, paketlənmiş ağartı məhsullarından istifadə etməlidirlər. Çünki bu məhsulların təhlükəsizliyi tam təmin olunub".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, sterilizə olunmuş südü birbaşa içmək olar: "Lakin bu südlər kənd südünün, azad gəzən heyvanlardan əldə olunan təbii südü əvəz edə bilmir". 

E.Hüseynov bildirib ki, heyvan mənşəli südləri sterlizə olunmamış şəkildə içmək doğru deyil: "Bidon südləri 95-100°C-də 15 dəqiqə qaynadıldığında içindəki mikrobların çoxu ölür. Amma bu zaman yararlı vitamin və minerallar da yox olur. Qablaşdırılmış, xüsusən də şüşə qabdakı südlərə üstünlük vermək daha məqsədəuyğundur. Çünki kənd təsərrüfatında olan heyvanlar vaxtında heyvandarlıq müayinəsindən keçirilmir. Bu heyvanlarda olan müxtəlif xəstəliklər süd vasitəsilə asanlıqla insana keçə bilər".

Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, süd və süd məhsullarının tərkibinin zənginliyinə görə insan orqanizminə bir sıra faydaları var. 

Onun sözlərinə görə, xüsusən də 2 yaşdan sonra süd məhsulları insan orqanizmində bir çox vitamin və mineralların təmin olunması üçün çox önəmlidir: "Lakin süd və süd məhsulları heyvan və zülal mənşəli olduğuna görə tez xarab olmağa meyllidir. Saxlanma qaydalarına düzgün əməl olunmasa və süd mənşəyi bəlli olmayan yerlərdən alınarsa, bu zaman süddən insana heyvan mənşəli müxtəlif xəstəliklər yoluxa bilər. Bu xəstəliklər bəzən həmin an reaksiya verməsə də, insan orqanizmində yaşayaraq immun sistemi aşağı düşdükdə özünü büruzə verməyə başlayır. Bu xəstəliklərə salmonella, bruselyoz, dabaq və stafilakok toksikozu daxildir".

Mütəxəssisin sözlərinə görə, ağartı məhsullarının evdə hazırlanmasından və ya mağazadan alınmasından asılı olmayaraq, bir sıra amillərə diqqət etmək vacibdir: "Bu halda məhsul insan sağlamlığı üçün təhlükə yaratmır. Öncəliklə mütləq şəkildə mənşəyi bəlli olan yerlərdən ağartı məhsulunu almaq lazımdır. Sənayə üsulu ilə paketlənmiş süd və süd məhsullarını alarkən paketin zədəsiz olmasına diqqət edilməlidir. Üzərində istehsalçı şirkət haqqında məlumatların tam olmasına fikir verilməlidir. İstehsalçı şirkətin ünvanı və əlaqə vasitələri qeyd olunmalı, məhsulun tərkibi tam şəkildə qeyd olunmalıdır. Süd məhsulunun 60-70 faizi təbii süddən əldə olunmalıdır. Digər qatqılar isə köməkçi vasitələrdən ibarət ola bilər. Bundan başqa, südün üzərindəki saxlanma müddətinə diqqət edilməlidir. Bəzi süd məhsullarının saxlanma müddəti 1 və ya 2 ay göstərilir ki, bu da paketin ağzının açılmadığı dövrə aiddir. Əgər paketin ağzı açılıbsa, məhsul 1 və ya 2 gün ərzində istifadə olunmalıdır". 

M.Hüseynova vurğulayıb ki, pendir, xama və digər süd məhsullarından əldə olunan qidaların paketi açılandan sonra oksigenlə təmas etməyəcək şəkildə mühafizə olunmalıdır: "Əks halda məhsulun tərkibində olan mikroorqanizmlər bakteriyaların yaranmasına səbəb olur. Bu isə insanın mədəsində şişkinlik, ağrılıq, həzm sistemində pozulma halları yaradır. Eyni zamanda bəzən süd məhsullarında dadlandırıcı qatqılardan, emulqator və digər kimyəvi maddələrdən istifadə olunur. Bu, daha çox süni şəkildə hazırlanmış süd məhsullarına aiddir. Bu cür südün insan orqanizminə faydaları yoxdur".

 

Gülşən Şərif