Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası mayın 6-na olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxananın məlumatında mayın 6-dan 8-dək günəş fəallığının çox aşağı səviyyədə qalacağı bildirilir. Lakin 2740 fəallıq oblastı mürəkkəb maqnit quruluşa malik olduğundan C sinfindən alışma baş verəcəyi istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams - Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına yüksək səviyyədə qalacağı gözlənilir.

10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi, CH HSS təsirinin qalacağı və Günəş küləyi parametrlərində azacıq güclənmə proqnozlaşdırılır.

Mayın 6-da və 7-də geomaqnit sahədə ümumi sakitlik gözlənilir, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

Mayın 8-də geomaqnit sahədə tam sakit şərait proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.