“Ötən ilin sentyabr-oktyabr aylarında kirayə mənzil bazarında tələbin çox olması səbəbindən şişirdilmiş qiymətlər artıq bir qədər səngiyib”.

Bunu İqtisadiyyat.az-a əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlər hələ ki, stabil olaraq qalmaqdadır:

“İndi, demək olar ki, qiymətlər keçən ilki ilə eyni səviyyəyə düşüb. Bu ilin əvvəlindən bir otaqlı kirayə mənzili üçün qiymətlər minimum olaraq 300, iki otaqlılar üçün 350, üç otaqlılar üçün isə təxminən 450 manatdan başlayaraq təklif olunur. Halbuki keçən ilin sentyabr-oktyabr aylarında bu qiymət hərəsində 50 manat olmaqla baha idi. Ümumiyyətlə, ənənəvi olaraq kirayə mənzil bazarında qiymət dəyişikliyini müşahidə edirik. Kirayə mənzillərinə tələbi artıran bir neçə amillər vardır. Məsələn, sentyabrda yeni dərs ilinin başlaması səbəbindən rayonlardan paytaxta gələn tələbələr kirayə mənzillər axtarırlar. Tələbin artması isə qiymətlərə özünü yansıdır. Amma sonrakı vaxtlarda qiymət artımı tədricən öz yerini almağa başlayır. Bu il də biz eyni prosesi müşahidə edirik”.

Yaya doğru paytaxtdan bölgələrə daha çox səfər edildiyini xatırladan ekspert bildirib ki, həmin ərəfədə kirayə mənzil bazarında adətən qiymətlərdə azalma müşahidə edilir: “Amma keçən il bu, baş vermədi. Hesab edirəm ki, bu il də yay ərəfəsində qiymətlərdə o qədər də azalma qeydə alınmayacaq. Ona görə də xüsusən də bir çox tələbələr sentyabrda tətildən qayıdandan sonra daha baha qiymətə ev kirayələməsinlər deyə elə kirayələdikləri evdə qalmağı daha uyğun bilirlər”.

“Qiymətlərə təsir göstərən amillərdən biri də ehtiyat vəsaiti olanların mənzil alıb kirayə biznesinə başlamasıdır. Yəni ildən-ilə mənzilləri alıb kirayə vermə halları çoxalır. Bu da kirayə mənzil bazarında təklifləri artırır”, - R. Qasımzadə əlavə edib.

Sadiq Cavadov