Ölkədə işsiz kütlənin pənah yeri ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətidir. İş tapa bilməyənlər məşğulluq xidmətində qeydiyyatdan keçərək, hər hansı uğurlu iş üçün gözləyirlər. Məşğuliyyətlə təmin olunana qədər isə işsizliyə görə müavinət alırlar. Ancaq bu müavinət də iş yeri bağlanan yaxud əvvəlki iş yerindən ixtisara düşən vətəndaşlara verilir. Belə çıxır ki, rəsmi olaraq fəaliyyətlə məşğul olmayan şəxslər iş yerini itirdikdə işsizliyə görə müavinətdən yararlana bilmirlər. Pula çox ehtiyacı olan, çoxuşaqlı ailə başçılarında göstərilən tələb yoxdursa, işsizlər üçün nəzərdə tutulan dövlət dəstəyindən kənarda qalırlar. Bu problemin də dövlətin keçirdiyi iqtisadi və sosial islahatlara daxil olmasına ehtiyac varmı? İqtisadçı ekspert Məhəmməd Talıblı mövzu ilə bağlı mövqeyini bildirib.

“Azərbaycan qanunvericiliyin işi olmayanı deyil, işdən ayrılandan sonrakı hala müavinətin tətbiq olunmasını nəzərdə tutması, olduqca yanlışdır. Təkcə bərabərhüquq insanlar üçün ayrıseçkilik deyil, həm də bərəbərimkanlı şəxslərin əmək fürsətlərinə olan diskriminasiyadır. Əgər biri işləyəndən sonra iş yerin itirirsə, bu onun üçün ağır şiddətli sosial gərginlik olmaya da bilər. Amma bir insan ümumiyyətlə işləməyibsə, bu artıq həyat şərtlərinin xeyli çətinliyi və yoxsulluq dərinliyində olması kimi qiymətləndirilməlidir. Hüquqi baxımdan yanaşanda, bu "tutulmayan oğru deyil" prinsipinin sosial sferaya tərcümə etsək, "rəsmi müraciət etməyən işsiz deyil" kimi başa düşülməlidir. Azərbaycanda müraciət səviyyəsi nöqteyi-nəzərdən yanaşsaq, onda məlum olur ki, 5 mln. nəfərlik əmək qabiliyyətli ölkədə cəmi 34 min nəfər işsizdir.”

Mehman Nəbiyev