İranın valyutası sürətlə dəyər itirir. Əhalinin gəlirləri azalır. Ölkə iqtisadiyyatı tarixində ən sürətli geriləməni yaşayır.

Milli valyuta rialın real mənzərəsi

Daxili araşdırmalar üçün qapalı olan İranla bağlı beynəlxalq qurumlar rəqəmlər açıqlayır. Araşdırmalara əsasən ölkədə son 28 ilin ən yüksək inflyasiyası qeydə alınıb. Etirazların baş alıb getdiyi cəmiyyətdə iqtisadi və sosial problemlər böyüyür.

İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyər itirməsi qeydə alınır. Pul vahidi ötən 10 il ərzində dollar qarşısında 90 faiz dəyər itirib.

İqtisadiyyat.az bildirir ki, ölkədə milli valyuta rialın 1 dollar qarşısında dəyəri 42 mindən çoxdur.  Amma bir ay əvvəl İran pulunun ABŞ valyutasına nisbəti 1 dollarda 41 min rial idi.

 

 

Millət vəkili Vüqar Bayramovun fikrinə əsasən, problem göründüyündən də böyükdür:

“Nəzərə alsaq ki, İranda qara bazar formalaşıb. Əslində real məzənnə ilə göstərən məzənnə arasında böyük fərq var. Reallıqda rialın ABŞ dollarına məzənnəsi kəskin artıb. Bu da istehlak qiymətlərinə gətirib çıxarıb. Statistika göstərir ki, 2022-ci ilin sonunda, 2023-cü ilin ilk həftələrində İranda qiymət artımları davam edir.Bu ondan xəbər verir ki İran iqtisadiyyatı ciddi problemlərlə üzləşir”.

Bu  problemlər infilyasiyanı yüksəldir və əhalinin gəlirlərini aşağı salır.  "Financial Tribune" qəzetinin yazdığına görə, ölkənin illik inflyasiya hədəfi 22 faiz olub. "İran İnternational" telekanalı xəbər verir ki, 2022-ci ilin iyul ayında inflyasiyanın 50 faizi keçdiyi zaman ən yüksək qiymətlər kirayə bazarında, dərman və qida sektorunda qeydə alınıb, zəruri mallar daha da qıtlaşıb. Hökumətin uğursuz olan iqtisadi islahatına görə ümumi alıcılıq qabiliyyəti  aşağı düşüb. Bazarda mal var, amma insanların əvvəlki kimi alıcılıq qabiliyyəti yoxdur.

 

Birjalarda qiymətlərə dualar da kömək olmur

 

Molavi Araşdırmalar Mərkəzinin rəhbəri Peyman Molavi deyir ki, indi birja və daşınmaz əmlak fondlarında milyonlarla insan nə baş verdiyini görür:

“Hazırda ölkədə istehsalın məqsədi iqtisadi azadlıq reytinqi 159 olan iqtisadiyyatda büdcə kəsirini kompensasiya etməkdir. İranda maya dəyəri ucuz olan məhsulun daha baha satılması insanlar üçün ağırdır. Xalq getdikcə yoxsullaşır və istehsalın və sahibkarlığın təklif etdiyi məhsullar üçün daha çox pul ödəməli olur”.

Neft qara qızıl funksiyasını itirib

İranda inflyasiya dinamikasının tarixi göstərir ki, ölkə qiymət artımı ilə ilk dəfə qarşılaşmır - son illərdə istehlak qiymətləri indeksi müntəzəm olaraq 40 faizi keçib.  Üstəlik sanksiyalar ölkədən mal və xidmətlərin ixracını faktiki olaraq tamamilə dayandırılıb. Tehran öz enerji resurslarını dollarla ixrac edə bilməz, çünki alıcı ölkələr ABŞ-dan sanksiyalara məruz qalacaqlar.

Sanksiyalardan yan keçməyin bir neçə yolu var, məsələn, barter ticarəti. Çin sənaye malları və ərzaq məhsulları müqabilində İran neftini alır, Ermənistan isə öz elektrik enerjisini İran qazına dəyişir.

Enerji məsələləri üzrə ekspert Riçard Mallinson isə deyir ki, İranın hazırkı dalandan çıxması bu üsulla alınmayacaq:

“Enerji qiymətlərinin artması İrana 2022-ci ildə bir qədər rahatlıq gətirsə də,  2023-2026-cı illərdə bu, aradan qalxacaq. Ölkədəki kütləvi iğtişaşlar riski isə sürətlə yüksələn inflyasiyanı daha da gücləndirir”.

Dünya Bankı da bildirib ki, Ukrayna müharibəsi səbəbindən qlobal ərzaq qiymətlərinin artması məhsul və gübrə tədarükünə böyük təsir göstərməkdə davam edir və ərzaq təhlükəsizliyi üçün riskləri artıra bilər. Növbəti qiymət artımları çətin vəziyyətdə olan İranın idxal xərclərini də yüksəldəcək, hökumətə və onun onsuz da getdikcə sürətlə azalan valyuta ehtiyatlarına təzyiqi artıracaq.

SAMİR CABBAROV